“Sərhədsiz Reportyorlar”: “Ermənistanda jurnalistlərin sıxışdırılması getdikcə artır…”
Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) Ermənistanda jurnalistlərin “qısnanmasının getdikcə artması”ndan narahatlıq bildirir. Təşkilat bu ölkədə jurnalistlərin defamasiya iddiaları ilə üzləşdiyini, mənbələrini qorumaq hüquqlarına hücumlar olunduğunu vurğulayır.
“Ermənistan mediasının məhkəməyə çəkilməsi, təqib olunması tendensiyasından narahatıq”, – RSF-in Şərqi Avropa və Orta Asiya bölümünün başçısı Jeanne Kavalier fevralın 12-də yaydığı bəyanatında deyib.
Kavalierin sözlərincə, Ermənistanın ədliyyə sistemindən medianın işini əngəlləmək məqsədi daşıyan hüquqi prosedurlarda sui-istifadə olunur və media da özünü müdafiə üçün xeyli resurs sərf etməli olur.
RSF 1in.am xəbər saytı üçün çalışan Sona Arutyunyanın işini misal çəkir. Onu News.am müxalifyönlü vebsayt məhkəməyə verib. Səbəb də odur ki, jurnalist Facebook postunda News.am-ın keçmiş prezident Robert Köçəryana məxsus olduğunu yazıb.
Məhkəmə isə qərar çıxarıb ki, o, “qeyri-rəsmi platformada yalnız fikrini ifadə etməsinə baxmayaraq”, mənbəsini göstərməli, faktları təsdiqləməlidir.
Nəticədə Arutyunyan yanvarın 31-də Facebook postunda yazdıqlarını təkzib edib. Qısnamanın başqa bir qurbanı isə “Joqovurd” qəzetinin redaktoru Qnar Manukyandır. O da məhkəməyə verilib, mənbələrini açıqlaması tələb olunur.
“Sərhədsiz Reportyorlar” bildirir ki, son 4 ildə jurnalistlərə qarşı defamasiya və təhqir iddiaları üzrə məhkəmə işlərinin sayı üç dəfə artıb. Ədliyyə departamenti 2016-cı ildə 24, ötən il isə 74 belə iddia qaldırıldığını bildirib.
Virtualaz.org