22.11.2024

Ərdoğan: Türkiyə Krımın qanunsuz ilhaqını dəstəkləmir

Prezidentlər arasındakı danışıqlardan sonra məlum olub ki, Türkiyə Ukraynaya hərbi yardım göstərəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfəri zamanı bəyan edib ki, Ankara Krımın Rusiya tərəfindən ilhaqını tanımır.

Hromadske-nin məlumatına görə, bu haqda Ərdoğan Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündən sonra keçirilən mətbuat konfransında bəyan edib.

“Mən bir daha vurğulamaq istəyirəm ki, Türkiyə Krımın qanunsuz ilhaqını dəstəkləmir. Türkiyə Krım da daxil olmaqla Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir”, – o deyib.

Rusiya 2014-cü ilin martında Meydan hərəkatının qələbəsi və Ukraynada hakimiyyət dəyişikliyindən sonra Krımın bu ölkəyə birləşməsini elan edib.

Mətbuat konfransı zamanı Ərdoğan bildirib ki, bütün münaqişələrin diplomatik həllinə ümid edir, həmçinin qeyd edib ki, hökumət qoşunları ilə Moskvanın dəstəklədiyi rusiyayönlü silahlı qruplaşmalar arasında münaqişənin davam etdiyi Şərqi Ukraynada ATƏT-in müşahidə missiyasının işini dəstəkləyir.

Bundan başqa, Ukrayna prezidentinin mətbuat xidmətindən bildirilib ki, Türkiyə Ukraynaya 36 milyon dollar yardım ayıracaq – bu məbləğlı Kiyev Türkiyədən hərbi və ikili təyinatlı mallar ala biləcək.

Həmçinin prezidentin səfəri zamanı Ukrayna və Türkiyə hərbi-maliyyə əməkdaşlığı haqda saziş imzalayıb. Ukraynanın müdafiə naziri Andrey Zaqorodnyukun sözlərinə görə, ilk növbədə söhbət həm də yüksək dəqiqliyə sahib tank əleyhinə vasitələrin müştərək istehsalından, vertolyotların təmiri və istismarından gedir.


Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: