28.03.2024

Petrosyandan ABŞ-a Qarabağ təklifi — Məxfi sənəd

Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan 2008-ci il seçkisindən öncə amerikalılarla Qarabağla bağlı razılaşma imzalayıb.

BakuPost “News.am”a istinadən xəbər verir ki, bu barədə məlumat “Vikiliks” saytında dərc olunan sənədlərdə yer alıb. Sayt ABŞ-ın Ermənistandakı səfirliyinin müvəqqəti işlər vəkili Rudolf Perinin 12 oktyabr 2007-ci ilə aid məktubunu dərc edib. “Levon Ter-Petrosyan Qarabağ məsələsinə dair təklif təqdim edib” başlığıyla yazılan məktubda önəmli faktlar yer alıb.


Məktubda Ter-Petrosyanın Perini öz evinə dəvət edərək, Qarabağ məsələsiylə bağlı fikrini bölüşüb və ondan bu informasiyanı ABŞ Dövlət katibinin köməkçisinin müavini Metyu Brayzaya çatdırmasını xahiş edib. Petrosyanın, həmçinin, Brayza ilə şəxsi görüş təşkil edilməsini rica etdiyi bildirilib.

Ermənistanın sabiq prezidenti görüşün sonunda Köçəryanın hakimiyyəti dövründə Qarabağla bağlı danışıqlar prosesinin nəticələrini ümumiləşdirən bir rəsmi sənəd istəyib.

Ter-Petrosyan amerikalılardan ideyanın ona məxsus olmasını məxfi saxlamasını xahiş edib. O, ABŞ-ın bu ideyanı öz adından irəli sürməsini və ATƏT-in Minsk Qrupuna təklif etməsini istəyib.

Petrosyan həmçinin təklif edib ki, Minsk Qrupu həmsədrləri bu günə qədər razılaşdırılmış bütün halları ümumiləşdirərək, münaqişənin həlli planını təqdim etsinlər. O, bu cür sənədin mövcudluğunun danışıqların fiksasiyası və Köçəryan dövründəki danışıqlarda əldə olunan nəticələrin rəsmiləşdirilməsi anlamına gələcəyini deyib. Ter-Petrosyan belə sənədin qəbulunun digər prezidentlərə hər şeyi sıfırdan başlamaq yerinə, bu nöqtədən davam etdirmək imkanı verəcəyini bildirib.

Məktubunda Petrosyanın təklifini şərh edən Perin burada siyasi motivasiya olduğunu yazıb. Onun sözlərin görə, Petrosyan ABŞ-la Qarabağın həlli məsələsini müzakirə etmək kimi mövcud faktdan özünün seçkiqabağı təşviqatı üçün istifadə etmək arzusunda olub. Bunun Petrosyana Serj Sərkisyanla müqayisədə müəyyən çəki qazandıracağı deyilib:

“Hakimiyyətə gələcəyi təqdirdə Ter-Petrosyan ümid edir ki, bu sənəd vasitəsilə Köçəryanın da məğlub sənəd ətrafında danışıqlar apardığını göstərə biləcək. Bu isə ona prezident kimi Azərbaycanla danışıqlarda kompromisə getməyə imkan verəcək”.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: