22.11.2024

Putin niyə Türkiyəyə Suriyadan gəldi?

Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfərdən öncə Suriyaya gedərək, Prezident Bəşər Əsədlə görüşdü. Ayrıca prezidentlər hər iki ölkənin hərbi qüvvələrinin birgə iclasında da iştirak ediblər. Özü də tədbir Rusiyanın Suriyadakı hərbi qərargahında keçirilb.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Putinin Türkiyəyə səfərini şərh edərkən bildirib. O qeyd edib ki, Putin özünü qalib hiss edir:

“Həqiqətən Putin bir neçə il əvvəl Əsədə hərbi dəstək verməsəydi, bu gün Bəşər Əsəd və onun ailə hakimiyyətindən əsər-əlamət qalmayacaqdı. Bəs Putinin Türkiyədən bir gün əvvəl Suriyaya səfər etməsinin mənası nədir?

Bununla Putin Ankara iki mesaj göndərmiş oldu. Putin türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanla yanvarın 8-də “Türk axını” layihəsinin açılışında iştirak edəcək. Bu layihə Rusiya üçün vacibdir. Ancaq Putin Ərdoğandan bir gün əvvəl Türkiyə Prezidentinin düşməni ilə görüşməklə həmkarına demək istəyir ki, Suriyada Bəşər Əsəd reallığı var və bu amillə hesablaşmaq lazımdır. Məsələ burasındadır ki, Ərdoğan Əsədi dəftərdən silib, Putin isə türkiyəli həmkarına demək istəyir ki, Suriya Prezidentinin ismini yenidən dəftərə yazmaq lazımdır”.

Politoloq vurğulayıb ki, Putinin Ərdoğandan bir gün əvvəl Əsədlə görüşünün bir başqa mənası Rusiya ilə Suriyanın hərbi qüvvələrinin İdlib şəhərini ələ keçirmək planından vaz keçməyəcəyinə işarədir:

“Ərdoğan həm Əsəd hakimiyyətinin möhkəmlənməsi, həm də İdlibin təmizlənməsi amili ilə üz-üzədir. Türkiyə ilə Rusiya arasındakı münasibətlərdə başqa problem də üzə çıxıb: Liviya! Türkiyə Liviyanın Tripolidəki mərkəzi hökumətinə, Putin isə müxalif general Haftara dəstək verir. Ərdoğan və Putin bu mövzunu da müzakirə edəcəklər. Putin Suriyada olduğu kimi, Liviyada da qələbə qazanmaq istəyir. Türkiyə Tripoliyə hərbçilərini göndərməyə hazırlaşarkən, general Haftar Liviyada daha bir strateji şəhəri ələ keçirib. Başqa sözlə Putin Ərdoğanla görüşə əli güclü şəkildə gedir”.

Qeyd edək ki, Rusiya lideri Putin bu gün Türkiyəyə rəsmi səfər edib.

Haftarın Liviyanın Sirt şəhərini ələ keçirdiyi haqda məlumatı isə Liviya Milli Razılıq Hökuməti rəsmən təkzib edib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: