21.11.2024

Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin açılışı oldu

Bakının Nərimanov rayonunda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə ucaldılmış heykəlin açılış mərasimi olub.

Açılış mərasimində Albert Aqarunovun ailə üzvləri, Prezident Administasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Müdafiə nazirinin müavini Kərim Vəliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, İsrailin Azərbaycandakı səfiri, Milli Məclisin deputatları iştirak ediblər.

Qeyd edək ki, Albert Aqarunovun şərəfinə abidə ucaldılması ideyasını şəhidin tank komandiri olmuş Hacı Əzimov irəli sürüb. Layihənin icrası Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov tərəfindən akademiyanın müəllimləri Rahib Qarayev və Zamik Rzayevə həvalə edilib. Heykəlin kompozisiyası və eskiz ideyası da Rahib Qarayev və Zamik Rzayevə aiddir.

Abidədə əks olunan qayadan çıxmaq təsviri Dağlıq Qarabağın simvoludur. Texniki cəhətdən tankı göstərmək mümkün olmadığına görə, qayadan istifadə edilərək fraqment verilib. Abidənin hazırlanması ilə bağlı təkliflər bir il müddətində davam edib. Ömər Eldarov hazırlanan 4 eskizdən birini seçib. Bu ilin aprel ayından isə abidənin hazırlanmasının icrasına başlanılıb. Heykəlin hazırlanması üçün 40 min manat ayrılıb və bu məbləğ materialların alınmasına xərclənib. Müəlliflər isə zəhmət haqqı almadan təmənnasız işləyiblər.

Xatırladaq ki, Albert Aqarunoviç Aqarunov 1969-ci il aprelin 25-də Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. O, 1992-ci il mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Milli Qəhrəmanın adına doğulduğu Əmircan qəsəbəsində məktəb və küçə var.

Bu il şəhidin 50 illik yubileyidir.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: