12.07.2026

Tovuz döyüşləri – Zəfərə aparan iradənin başlanğıcı

«Şəhid qanı ilə yazılan tarix heç zaman silinmir; çünki o tarix xalqın yaddaşına deyil, vicdanına həkk olunur.» Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində elə günlər vardır ki, onlar yalnız tarixi hadisə deyil, milli iradənin, dövlət qətiyyətinin və xalq birliyinin rəmzinə çevrilmişdir.

12 iyul 2020-ci ildə başlayan Tovuz döyüşləri də məhz belə müqəddəs tarixlərdən biridir. Hər il 12 iyul xalqımız tərəfindən Tovuz döyüşləri şəhidlərinin Anım Günü kimi dərin ehtiramla qeyd olunur. Bu gün yalnız şəhidlərimizi yad etdiyimiz bir tarix deyil, həm də Vətən sevgisinin, milli qeyrətin və gələcək Zəfərin mayalandığı müqəddəs bir məktəbdir. 2020-ci il iyulun 12-də günorta saatlarından etibarən Ermənistan Silahlı Qüvvələri dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini ağır artilleriya qurğularından intensiv atəşə tutaraq növbəti hərbi təxribatını həyata keçirdi. Azərbaycan tərəfi hücumdan əvvəl Ermənistan ordusuna məxsus zirehli texnikanın və canlı qüvvənin sərhəd xətti boyunca hərəkət etdiyini müşahidə etmişdi.

Sonrakı hadisələr də göstərdi ki, bu hücum təsadüfi deyil, əvvəlcədən hazırlanmış və planlaşdırılmış hərbi təxribat idi. Lakin düşmənin hesablamadığı bir həqiqət vardı: Azərbaycan əsgərinin iradəsi silahdan güclü, Vətən sevgisi isə hər cür hərbi texnikadan qüdrətli idi. Döyüşlər günlərlə davam etdi. Ermənistan ordusu yalnız hərbi mövqeləri deyil, beynəlxalq hüququ kobud şəkildə pozaraq Ağdam, Dondar Quşçu, Vahidli, Əlibəyli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərini də artilleriya atəşinə tutdu, mülki əhaliyə və yaşayış məntəqələrinə ziyan vurdu. Ancaq Azərbaycan xalqının iradəsini qırmaq mümkün olmadı. Əksinə, bütün ölkə bir yumruq kimi dövlətinin və ordusunun ətrafında birləşdi. Həmin günlərdə millətin ruhunda baş verən o böyük oyanış sonralar «Dəmir Yumruq» adlanan milli birliyin mənəvi təməlini formalaşdırdı. Tovuz döyüşlərinin əsl fəlsəfəsi yalnız hərbi uğurda deyil, milli şüurun oyanışında idi.

İrfan alimləri deyirlər ki, insan torpaq uğrunda deyil, mənəviyyatı uğrunda savaşır; torpaq isə yalnız mənəviyyatını qoruyan xalqa Vətən olur. Tovuzda səngərlər təkcə silahla deyil, imanla, səbir və əqidə ilə qorunurdu. Çünki Vətən anlayışı xəritədə çəkilmiş sərhədlərdən ibarət deyil; Vətən şəhid qanı ilə müqəddəsləşən torpaq, ana duası ilə ucalan bayraq, əsgər andı ilə möhkəmlənən müqəddəs əmanətdir. Qurani-Kərim buyurur: «Allah yolunda öldürülənləri ölü hesab etməyin. Əksinə, onlar Rəbbinin yanında diridirlər və ruzilənirlər.» (Ali-İmran, 169). Bu İlahi müjdə Tovuz şəhidlərinin də mənəvi ucalığını ifadə edir. Onlar cismani ömürlərini başa vursalar da, əbədi həyat qazandılar. Çünki şəhidlər zamanın deyil, əbədiyyətin insanlarıdır. Onların qanı torpağa deyil, millətin vicdanına hopur və gələcək nəsillərə azadlığın qiymətini öyrədir. Tarix sübut edir ki, böyük zəfərlər böyük fədakarlıqlardan doğur. Tovuz döyüşləri də 44 günlük Vətən müharibəsinin mənəvi müqəddiməsi, xalqımızın ruhunu Zəfərə hazırlayan ən mühüm mərhələlərdən biri oldu.

O gün Azərbaycan Ordusu düşmənə yalnız döyüş meydanında deyil, siyasi və mənəvi müstəvidə də qətiyyətini nümayiş etdirdi. Dünya gördü ki, Azərbaycan xalqı öz torpağına sahib çıxmaq əzmindədir və bu əzmi heç bir təzyiq sarsıda bilməz. Bu gün Tovuz şəhidlərinin müqəddəs ruhu qarşısında baş əyərkən bir daha anlayırıq ki, azadlıq miras deyil, əmanətdir. O əmanət isə yalnız birlik, vətənpərvərlik, milli-mənəvi dəyərlərə sədaqət və şəhidlərin müqəddəs xatirəsinə ehtiramla qoruna bilər. Hər bir Azərbaycan vətəndaşı bilməlidir ki, şəhidlərin bizə əmanət etdiyi Vətən yalnız sərhədlərlə deyil, həm də vicdanımız, mənəviyyatımız və milli birliyimizlə yaşayır. Allah bütün Tovuz döyüşləri şəhidlərinə rəhmət eləsin, qazilərimizə möhkəm can sağlığı versin. Uca Yaradan dövlətimizi daim qüdrətli, Ordumuzu yenilməz, Bayrağımızı isə əbədi uca etsin. Şəhidlər ölməz, Vətən bölünməz!

Mübariz Eldar oğlu
AVMVİB-nin Neftçala rayon şöbə sədri

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: