Son nəfəsdə, YAŞASIN AZƏRBAYCAN! deyənlər

(Güllələnmədən öncə işğalçılara qorxmadan meydan oxuyurdu)
Zaqatalada sovet hakimiyyətinə qarşı üsyan 1920-ci il iyunun 6-da belə bir bəhanə ilə başlandı ki, guya «Gürcüstan Azərbaycana müharibə elan etmişdir».
Könüllü partizan dəstələrinin təşkili də bu yozumla aparılırdı. Çıxış ücün bəhanə əhalinin silahı təhvil verməsi barədə əmr oldu. Molla Hafiz Əfəndinin başçılıq etdiyi üsyançılar (1000 nəfərdən çox adam) və onlara qoşulmuş Azərbaycan qoşunlarının qarovul batalyonunun bütün zabitləri iyunun 9-da Zaqatala qalasını, teleqrafı tutdular və inqilab komitəsinin üzvlərini, sovet işçilərinin hamısını həbs etməyə başladılar.
İşğalçı rus ordusu ilə aparılan qeyri bərabər mübarizədə üsyançılar qəhrəmancasına şəhid oldular bir hissəsi isə həbs edildi.
M.Ə. Rəsulzadə «Azərbaycan mübarizə yolunda» adlı kitabında üsyan haqqında yazırdı:
» Məktəb müəlliməsi olan Vəsilə xanım üsyana rəhbərlik edən ərinə ruhlandırıcı məktub yazdığı üçün güllələnir.
Qucağındakı körpəsi alınarkən belə sükunətini qoruyan qadın güllələnmədən öncə qollarını geniş açmış — Yaşasın Azərbaycan! deyə bağırmışdı.»/Difai təşkilatı/
Qeyd: Fotodakı şəxs Zaqatala üsyanının rəhbərlərindən olan Aslan bəy Qardaşovdur.