26.06.2026

Mübariz Eldaroğlu yazır: «Salam olsun Şəhidlərə! Milli Qəhrəmanlarımızı tanıyaq və unutmayaq!

Bismillahir-Rəhmənir-Rəhim!
«Allah yolunda öldürülənləri ölü sanmayın. Əksinə, onlar Rəbbinin yanında diridirlər və ruzilənirlər.» (Ali-İmran, 169) Şəhidlik Allahın seçilmiş bəndələrinə nəsib etdiyi ən uca məqamdır. Şəhid qanı Vətənin azadlıq möhürü, millətin şərəf salnaməsi, gələcək nəsillərin vicdan kitabıdır. Vətən uğrunda canını fəda edənlər torpağa deyil, xalqın qəlbinə və tarixə əbədi həkk olunurlar. Onların həyatı iman, qeyrət, iradə və Vətən sevgisinin ən ali təcəssümüdür.

Bu gün Neftçalanın ilk qəhrəman şəhidlərindən biri – Babayev İbrahim İsmayıl oğlunun Anım Günüdür. 1. Şəhid Babayev İbrahim İsmayıl oğlu 26 iyun 1968-ci ildə Neftçala rayonunda anadan olmuşdur. Vətən torpaqlarının müdafiəsi uğrunda döyüşlərə qatılmış, 23 aprel 1994-cü ildə Kəlbəcər rayonu istiqamətində gedən ağır döyüş əməliyyatlarında qəhrəmancasına şəhid olmuşdur. Müqəddəs nəşi Neftçala şəhər qəbiristanlığında dəfn edilmişdir. Onun tökülən qanı Azərbaycan torpağının azadlıq andına çevrildi. Şəhidlər cismani ömürlərini başa vursalar da, mənəvi ömürləri millətin yaddaşında əbədi yaşayır. Çünki şəhidlik fanilikdən əbədiyyətə açılan ilahi qapıdır. 2. Bu gün həm də Azərbaycanın Milli Qəhrəmanı Şəhid Zakir Məcidov Nüsrət oğlunun Doğum Günüdür. Azərbaycanın Milli Qəhrəmanı Şəhid Zakir Məcidov Nüsrət oğlu 26 iyun 1968-ci ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olmuşdur. Vətən dar gündə olarkən könüllü şəkildə Milli Ordu sıralarına qoşulmuş, 843 saylı hərbi hissədə xidmət etmiş və cəbhənin ən ön xəttində düşmənə qarşı mərdliklə döyüşmüşdür. 6 avqust 1992-ci ildə Kəlbəcər rayonu istiqamətində gedən döyüş əməliyyatları zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Bu gün onun müqəddəs ruhu şaddır.

Çünki uğrunda can verdiyi Qarabağda, Kəlbəcərdə və Azərbaycanın hər qarış müqəddəs torpağında üçrəngli Dövlət Bayrağımız qürurla dalğalanır. Şəhidlərin qanı ilə suvarılan torpaqlar bu gün azadlığın, istiqlalın və milli qürurun rəmzidir. Qurani-Kərimin buyurduğu kimi: — «Allah möminlərdən canlarını və mallarını Cənnət müqabilində satın almışdır.» (Tövbə, 111) Bu ilahi vəd Şəhidlərimizin əbədi həyatının ən böyük müjdəsidir. Vətən sevgisi sadəcə bir hiss deyil; o, imanın kamilliyi, vicdanın saflığı və insanın öz xalqı qarşısındakı müqəddəs borcudur. Tarix göstərir ki, qəhrəmanların qanı ilə yazılan dövlətlər əsrlər boyu yaşayır. Azərbaycanın istiqlalı da məhz şəhidlərin müqəddəs qanı bahasına əbədiləşmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhlarını şad, məqamlarını uca etsin! Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev, minlərlə müharibə veteranı adından, eləcə də AVMVİB-in Neftçala rayon şöbəsinin üzvləri və «Qocalar Döyüşə Gedir» qrupunun təmsilçiləri olaraq bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, «Başın sağ olsun, Vətən!» sözləri ilə şəhid ailələrinə dərin hüznlə səbir, dözüm və mərdlik arzulayır. Şəhidlər ölmürlər. Onlar millətin vicdanında, dualarında, azad səmasında dalğalanan bayrağında, oxunan istiqlal marşında və gələcək nəsillərin qürurunda əbədi yaşayırlar. Allah bütün Şəhidlərimizin ruhunu şad eləsin! Amin!

Mübariz Eldar oğlu
AVMVİB-in Neftçala rayon şöbə sədri

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: