17.06.2026

Allah Şəhidlərimizin Ruhunu Şad Eləsin! Amin!

Bu gün Azərbaycanın iki Milli Qəhrəmanının – Birinci Qarabağ müharibəsinin igid oğulları, şəhid mayor Anatoli Nikolayeviç Davidoviçin və şəhid polkovnik Şikar Şükür oğlu Şikarovun anım günüdür.

Qurani-Kərim buyurur: «Allah yolunda öldürülənlərə ölü deməyin. Xeyr, onlar diridirlər, lakin siz bunu dərk etmirsiniz.» (Bəqərə, 154). Şəhidlik insan ömrünün sonu deyil, Haqq yolunda əbədiyyətə açılan qapıdır. Şəhidlər torpağa deyil, millətin yaddaşına, xalqın vicdanına və Vətənin müqəddəs tarix kitabına həkk olunurlar. Onların qanı ilə sulanan torpaq Vətənə, onların fədakarlığı ilə yazılan tarix isə millətin şərəf dastanına çevrilir.

Belarus torpağında dünyaya göz açan Anatoli Davidoviç taleyini Azərbaycanla bağladı, od-alov içində qalan Qarabağ uğrunda döyüş meydanına atıldı. O, milliyyətindən asılı olmayaraq Vətəni müdafiə etməyin insanlıq və şərəf borcu olduğunu öz həyatı ilə sübut etdi. Ağdam uğrunda gedən qanlı döyüşlərdə qəhrəmancasına yaralanaraq şəhadət zirvəsinə yüksəldi və Azərbaycan xalqının yaddaşında əbədi yer qazandı.

Azərbaycan Ordusunun qurucularından biri olan Şikar Şikarov isə yalnız cəsur döyüşçü deyil, həm də müstəqil Azərbaycan Ordusunun formalaşmasına böyük töhfələr vermiş uzaqgörən hərbçi idi. O, çətin və keşməkeşli günlərdə dövlətimizin hərbi dayaqlarının yaradılması uğrunda yorulmadan çalışdı, sonra isə yazdığı planları döyüş meydanında öz qanı ilə möhürlədi. Ağdərə uğrunda döyüşlərdə göstərdiyi qəhrəmanlıq onun adını Azərbaycanın hərb tarixinin qızıl səhifələrinə yazdı.

İrfan əhli buyurur ki, insanın həqiqi dəyəri yaşadığı illərlə deyil, qoyub getdiyi izlə ölçülür. Anatoli Davidoviç və Şikar Şikarov ömürlərinin uzunluğu ilə deyil, Vətənə bəxş etdikləri şərəfli xidmətləri ilə ölümsüzlük qazandılar. Onlar Koroğlunun qeyrətini, Babəkin əyilməzliyini, Cavad xanın qürurunu və Qarabağ fatehlərinin ruhunu öz simalarında yaşadan qəhrəmanlar idilər.

Bu gün onların müqəddəs xatirəsi önündə baş əyir, ruhlarına dualar göndəririk. Uca Allah bütün şəhidlərimizə rəhmət etsin, məqamlarını ali, ruhlarını şad etsin. Qəhrəmanlarımızın müqəddəs əmanəti olan Azərbaycan daim yaşasın, üçrəngli Bayrağımız əbədi olaraq zirvələrdə dalğalansın!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev, minlərlə müharibə veteranı adından, eləcə də AVMVİB-in Neftçala rayon şöbəsinin üzvləri və “Qocalar Döyüşə Gedir” qrupunun təmsilçiləri adından şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, onların ailələrinə dərin hüznlə başsağlığı verir və səbir diləyirik. Başın sağ olsun, Vətən!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Amin! Ya Rəbbəl-Aləmin!
Mübariz Eldar oğlu
AVMVİB-nin Neftçala rayon şöbə sədri

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: