20 Yanvar — Azərbaycan xalqının istiqlal və haqq yolunda yazdığı tarix
20 Yanvar — Azərbaycan xalqının azadlıq, istiqlal və haqq yolunda qanı ilə tarix yazdığı, şəhadəti ilə millət ruhunu ucaltdığı Ümumxalq Hüzn və Qəhrəmanlıq Günüdür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da, zülmün və istibdadın simvoluna çevrilmiş Sovet imperiyasının silahlı qoşunları Bakıya yeridildi. Silahsız, günahsız, haqq səsini ucaldan xalqın üzərinə tanklar, zirehli maşınlar sürüldü, odlu güllələr açıldı. Bu qanlı gecədə 147 nəfər Vətən övladı şəhid oldu — onlardan ikisi azyaşlı uşaq idi. — 841 nəfər qanunsuz həbs edildi, 744 nəfər yaralandı, 4 nəfər itkin düşdü. Şəhidlər bilavasitə Quranın buyurduğu kimi “ölü deyillər, Rəbbinin dərgahında diridirlər” (Ali-İmran, 169). Onlar haqq uğrunda canlarını fəda etməklə şəhadət məqamına ucaldılar. Qadın, uşaq, qoca demədən tökülən bu qan, əslində bir millətin zəncirlərini qıran iradəsi idi. Fövqəladə Hallar əməkdaşları, polis işçiləri, sadə vətəndaşlar — hamısı eyni müqəddəs taleyi paylaşdı. Yandırıcı güllələr və vəhşi hücumlar nəticəsində 200 ev və mənzil, 80 minik avtomobili, o cümlədən təcili tibbi yardım maşınları, dövlət və şəxsi əmlak darmadağın edildi. Lakin düşmən bir şeyi hesablaya bilmədi: imanla yoğrulmuş xalqın ruhu dağıdılmazdır. İrfan baxımından bu faciə, zülmə qarşı qiyamın, fəlsəfi baxımdan isə haqqın batil üzərində qaçılmaz qələbəsinin təcəssümüdür.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Neftçala rayon şöbəsi olaraq bildiririk ki, 20 Yanvar günü fiziki olaraq Bakıda olmasaq da, ürəklərimiz hər zaman Bakı ilə, şəhidlərimizlədir. Yanvarın 20-də və 25-də Neftçalada keçiriləcək anım tədbirlərində birlik üzvlərimiz fəal iştirak edəcək, şəhidlərin müqəddəs xatirəsini ehtiramla yad edəcəklər. Başda şəhid ailələri olmaqla, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk. Bu matəm günü eyni zamanda bir qürur məktəbidir — çünki bu torpaq şəhid qanı ilə azadlığını yazıb. BAŞIN SAĞ OLSUN, VƏTƏN! Bu millət şəhidlərini unutmadı, unutmayacaq və onların amanətinə daim sahib çıxacaq.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Neftçala rayon şöbəsi veteranları adından:
Mübariz Eldar oğlu AVMVİB – Neftçala rayon şöbə sədri