Türk Dünyasının Həmrəyliyi Günü Bakıda təntənə ilə qeyd olundu

Bu gün Türkçülük Gününün təsis edilməsinin 80-illik yubileyində – 3 may-Türk Dünyasının Həmrəyliyi Günü münasibətilə Bakı şəhərində əlamətdar və tarixi tədbir baş tutdu. Azərbaycan Vətən Müharibəsi İctimai Birliyinin (AVMVİB) rəhbərliyi, eləcə də təşkilatın Bakı və Bakıətrafı şöbə sədrləri və üzvlərinin iştirakı ilə keçirilən mərasimdə Türk dünyasının birliyi, ortaq tarixi və ortaq gələcəyi bir daha diqqət mərkəzinə çəkildi. Tədbirdə Türkiyə Respublikasından müharibə, silahlı qüvvələr veteranları və Avrasiya Sənət, Kültür və Ədəbiyyat Federasiyonunu (ASKEF) təmsil edən qonaqlar da iştirak etmişdir.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi və Avrasiya Sənət, Kültür və Ədəbiyyat Federasiyonunun təşkil etdiyi bu beynəlxalq və müştərək tədbir ilk olaraq ölkəmizin azadlığı və müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin uyuduğu Şəhidlər Xiyabanının ziyarəti ilə başladı. Uca məqam sahibi şəhidlərin məzarları önünə gül dəstələri düzülərək ruhlarına dualar oxundu. Ardınca Türk Şəhidliyinin önündə keçirilən Anım mərasimində şəhid olmuş Qafqaz İslam Ordusunun igid əsgərlərinin xatirəsi ehtiramla yad olundu.
Burada Türkiyəli qonaqlara, eləcə də tədbir iştirakçılarına 1918-ci ilin mart-avqust aylarında Azərbaycanın müxtəlif bölgələrində erməni silahlı birləşmələri tərəfindən həyata keçirilmiş soyqırımı hadisələri barədə ətraflı məlumat verildi. Bildirildi ki, həmin dövrdə Qafqaz İslam Ordusu Nuru Paşanın rəhbərliyi ilə qısa müddət ərzində Bakı da daxil olmaqla bir çox bölgələrdə türkün qeyrətini, birlik ruhunu və mübarizliyini tarixə yazdı.
Eyni zamanda, iştirakçılara 20 Yanvar faciəsi, Qarabağ müharibəsi, Daşaltı əməliyyatı və ümumilikdə torpaqlarımız uğrunda baş vermiş bütün hərbi əməliyyatlarda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımız haqqında geniş məlumat təqdim olundu. Qonaqlara bir daha vurğulandı ki, Azərbaycan xalqı bu müqəddəs şəhidlərimizin qanı bahasına qazandığı torpaqlara sahib çıxmağa və bu dəyərləri yaşatmağa borcludur.
44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər xüsusi vurğulandı. Tədbir iştirakçılarına Azərbaycanın ərazi bütövlüyünün bərpası, suverenliyinin tam təmin olunması ilə bağlı əhəmiyyətli məlumatlar təqdim edildi. Bildirildi ki, bu qələbə təkcə Azərbaycanın deyil, bütün türk dünyasının şərəf və qürur mənbəyidir.
Tədbir daha sonra Azərbaycan Vətən Müharibəsi İctimai Birliyinin Səbail rayon şöbəsinin akt zalında davam etdirildi. Azərbaycan Respublikasının və daha sonra Türkiyə Respublikasının dövlət himnlərinin səsləndirilməsi ilə başlanan mərasimdə hər iki ölkənin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Vətən Müharibəsi İctimai Birliyinin sədri Füzuli Rzaquliyev çıxışında Türkiyə-Azərbaycan qardaşlığının strateji və mənəvi əsaslarından danışdı. O, 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsinin yalnız bir hüquqi sənəd deyil, eyni zamanda türk dünyasının gələcək vəhdətinə atılmış mühüm addım olduğunu vurğuladı. Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səyləri ilə Türk Dövlətləri Təşkilatında inteqrasiyanın güclənməsi, birgə hərbi, iqtisadi və mədəni təşəbbüslərin genişlənməsi bu birliyin gələcək gücünü təmin edən əsas faktorlardandır.
Sonda isə Füzuli Rzaquliyev düşündürücü bir çağırışla çıxışını yekunlaşdırdı: «Türkün türkdən başqa dostu yoxdur! Tarix sübut edib ki, rusun sözünə, farsın ibadətinə, erməninin sədaqətinə inanmaq olmaz. Biz yalnız birliyimizlə güclüyük və gələcəyimizi bu həmrəyliyin üzərində qurmalıyıq!»
Sonra çıxış edənlər arasında ASKEF başkanı Savaş Unal və Nilgün Seçen nümayəndə heyəti adından dərin təşəkkürünü bildirdi və qardaşlığımızın, dostluğumuzun əbədi olduğunun vurğuladı. Daha sonra AVMVİB-in 30 illik yubileyinə həsr edilmiş video klip görüş iştirakçılarına nümayiş etdirildi. Görüşdə müharibə veteranı, şair İmran Güllübulaqlı Azərbaycan-Türkiyə qardaşlığına həsr etdiyi şeiri oxudu. ASKEF-in Azərbaycan və Orta Asiya ölkələri üzrə təmsilçisi Sona İsmayılova və ictimai xadim, AVMVİB-nin müşaviri, şair-publisist Nəsibə İsrafilqızı çıxış etdilər, Türkiyə Azərbaycan qardaşlığına həsr etdikləri şeirləri oxudular. Görüşün yekununda tədbir iştirakçıları və Türkiyəli qonaqlarla birlikdə xatirə şəklilləri çəkildi.
AVMVİB-in Mətbuat xidməti



























