14.02.2025

Polkovnik-leytenant Tahir Həşimovun Anım Günü yad edildi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Bərdə şəhər şöbəsi Kəlbəcər doğumlu polkovnik-leytenant Tahir Zülfüqar oğlu Həşimovun anım günü ilə əlaqədar xüsusi tədbir təşkil etmişdir.

Anım mərasimində mərhum zabitin xatirəsi ehtiramla yad edilmiş, onun Azərbaycan xalqı və vətəni üçün göstərdiyi xidmətlər xatırlanmışdır. Tədbirdə AVMVİB üzvləri, yerli ictimaiyyət nümayəndələri, Tahir Həşimovun döyüş yoldaşları və ailə üzvləri iştirak etmişdir.

1961-ci ildə Kəlbəcərin Abdullauşağı kəndində anadan olan Tahir Həşimov ali təhsil almış, 1991-ci ildə vətənin müdafiəsi üçün yaradılan Kəlbəcər Özünümüdafiə Batalyonunda xidmətə başlamışdır. O, sonralar 701 saylı hərbi hissənin tərkibində Kəlbəcər, Ağdərə və Laçın bölgələrində erməni işğalçılarına qarşı şücaətlə döyüşmüşdür.

Səmimi və nizam-intizamlı bir zabit kimi tanınan Tahir Həşimov həm döyüş yoldaşlarının, həm də rəhbərliyin böyük hörmətini qazanmışdır. 1993-cü ildə ordu sıralarından tərxis edilən Tahir Həşimov xidmətini Daxili İşlər Nazirliyinin bölmələrində davam etdirmişdir.

Tədbir iştirakçıları onun Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda göstərdiyi fədakarlığı xüsusi qeyd etmiş və onun əziz xatirəsinin hər zaman yaşayacağını vurğulamışlar.

AVMVİB-in Mətbuat xidməti
AVMVİB-in Kəlbəcər rayon şöbəsinin sədri Akif Kamalov

WhatsApp Image 2025 01 28 at 19.41.57 (2) WhatsApp Image 2025 01 28 at 19.41.57
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: