AVMVİB Mingəçevir şəhər şöbəsinin üzvləri 20 yanvar şəhidlərini ziyarət etmişlər
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Mingəçevir şəhər şöbəsinin üzvləri 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad etmək məqsədilə Mingəçevir şəhərindəki Şəhidlər xiyabanını və 20 Yanvar şəhidlərinin xatirə abidəsini ziyarət etmişlər. Ziyarət zamanı şəhidlərin məzarları önünə tər qərənfillər düzülmüş, onların ruhuna dualar oxunmuşdur.
AVMVİB Mingəçevir şəhər şöbəsinin rəhbərliyi və üzvləri bu ziyarət zamanı qeyd etmişlər ki, 20 Yanvar hadisəsi xalqımızın milli kimliyinin və azadlıq iradəsinin ən parlaq təzahürlərindən biridir. Bu faciə təkcə hüzn dolu bir tarix deyil, həm də Azərbaycanın istiqlal yolunda atılmış ən önəmli addımlardan biridir. Uzun illər sovet rejiminin zülmü altında olan xalqımız məhz 20 Yanvarda öz azadlıq səsini dünyaya ucaldaraq, suverenlik və müstəqillik uğrunda mübarizəyə qalxmışdır.
Tədbir iştirakçıları tərəfindən vurğulanmışdır ki, şəhidlərimizin qurbanlığı sayəsində Azərbaycan xalqı bu gün müstəqil və suveren bir dövlətdə yaşamaq xoşbəxtliyinə sahibdir.
AVMVİB-in Mətbuat xidməti