AVMVİB Tərtər rayon şöbəsinin kollektivi Şəhidlər xiyabanını ziyarət ediblər

Xalqımızın həm faciə, həm də qəhrəmanlıq salnaməsi kimi tariximizə həkk olunan “Qara Yanvar” hadisəsinin 35-ci ildönümü münasibətilə Şəhidlər xiyabanı ziyarət edildi. Tərtər Qarabağ Qaziləri, Veteranları və Şəhid ailələri ilə birlikdə keçirilən bu ziyarətdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi böyük ehtiramla yad edildi. Şəhidlərimizin məzarları önünə tər qərənfillər düzülərək, ruhlarına dualar oxundu.
20 Yanvar hadisəsi Azərbaycan tarixində yalnız bir faciə deyil, həm də xalqımızın azadlıq mübarizəsində milli məfkurəsinin gücləndiyi, istiqlal yolunun əsasını təşkil edən mühüm bir dönüş nöqtəsidir. Uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqımız məhz bu gün öz azadlıq səsini ucaldaraq, suverenliyini bərpa etmək uğrunda mübarizəyə qalxdı. Bu tarix yalnız hüzn günü deyil, eyni zamanda xalqımızın cəsarət və milli qürur dolu qəhrəmanlıq səhifəsidir.
Ziyarət zamanı səsləndirilən sözlərdə xalqımızın şəhidlərinə olan dərin ehtiramı və onların əziz xatirəsini daim yaşatma əzmi bir daha vurğulandı:
“Şəhidlərimiz bizə deyir ki,
Üç rəngli bayrağımızı salamlayarkən, xatırlayın bizləri,
Görün bayraq üzərində, bizdən qalan izləri!”
Bu gün Azərbaycan öz torpaqlarını işğaldan azad edərək suverenliyini tam bərpa etmişdir. Azərbaycan xalqı və dövləti üçün bu tarixi əhəmiyyətli gündə bir daha ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını fəda etmiş Vətən övladlarının müqəddəs xatirəsi dərin hörmətlə yad edildi.
Ziyarət çərçivəsində vurğulandı ki, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin, qazilərimizin canı və qanı bahasına əldə edilən ərazi bütövlüyümüz və dövlət müstəqilliyimiz əbədi olaraq qorunacaqdır. “Bayrağımız daim yüksək zirvələrdə dalğalansın!” şüarı ilə ölkəmizin gələcək nəsillərinin bu qəhrəmanlıq tarixindən güc alaraq vətənpərvərlik ruhunda böyüməsi arzu edildi.
Bu ziyarət xalqımızın milli birliyinin, vətənpərvərliyinin və şəhidlərimizə olan sonsuz ehtiramının ən gözəl təcəssümü idi.
AVMVİB Mətbuat xidməti
Elçin Qədirov



