AVMVİB — 30 yaşın şərəfli tarixi
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) 26 avqust 1994-cü ildə Qarabağ müharibəsində iştirak etmiş döyüşçülər tərəfindən tərəfindən təsis olunaraq dövlət qeydiyyatına alınmışdır.
Sözsüz ki, qeydiyyat prosesində təsisçilər bəzi bürokratik əngəllərlə qarşılaşmış və bu məsələ üç ay ləngidilmişdir. Yalnız Ulu Öndər Heydər Əliyevin tövsiyəsindən sonra təşkilat AVMVİV sədrinin ideya müəllifi olduğu hazırkı — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi adı altında dövlət qeydiyatına alınmışdır.
Yarandığı gündən böyük və şərəfli tarixi inkişaf yolu keçmiş təşkilat hal-hazırda Azərbaycanda qaziləri, Vətən müharibəsi veteranlarını və əlillərini birləşdirən ən böyük ictimai birlikdir. 44 günlük Vətən müharibəsindən sonra təşkilatımıza üzv olanların sayı daha da artmışdır. İlk vaxtlar 45 nəfər üzvü olan təşkilatın üzvlərinin sayı bu gün 91000-dən çoxdur. AVMVİB-in ölkə üzrə 82 şəhər, həmçinin rayon və rayon statuslu şöbəsi və bölmələri fəaliyyət göstərir.
Bu illər ərzində təşkilata üzv olanların sayında artım olsa da, təəssüf ki, haqq dünyasına qovuşanlar da olmuşdur ki, onların itkisini heç vaxt doldurmaq mümkün olmayacaq. Belə insanlar arasında Azərbaycanın ilk döyüşçü jurnalisti, Qarabağ müharibəsi əlili, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunu, mərhum Xaqani Ədəboğlu, AVMVİB-in birinci müavini Kamil Şirinovun və digərləri vardır. Allah onlara rəhmət etsin!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin məqsəd və məramına daxil olan müddəalarda oxuyuruq: «…AVMVİB Vətən müharibə iştirakçılarının sosial hüquqlarının bərpası və qorunması, veteranlara və onların ailə üzvlərinə hüquqi yardım göstərilməsi, həmçinin əmək bazarına hazırlanmasında yaxından köməklik göstərmək və Qarabağın düşmən işğalından azad edilməsi daxildir».
Doğrudan da, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədrindən tutmuş, üzvlərinə kimi, xüsusi ilə təmas xəttində yerləşən AVMVİB-in rayon şöbələrinin sədrləri və üzvləri Vətən müharibəsi dövründə son ana — Zəfər Gününə qədər Silahlı Qüvvələrimizin yanında oldu, onlara həm mənəvi, həm təcrübi, həm də digər zəruri məsələlərdə dəstək göstərdi, eyni zamanda döyüşən əsgərlərimizin ailələri ilə bir ürək oldu. Təşkilatın sədrindən tutmuş üzvünə qədər bir çox üzvləri — veteran döyüşçülər məhz öz oğulları ilə birlikdə səngərlərdə bərabər oldu, torpaqlarımızın azad edilməsində həm ön, həm arxa cəbhədə işirak etdi.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev, AVMVİB sədrinin təşkilatı məsələlər üzrə sədr müavini, «Orduya Dəstək» Qərargahının rəhbəri Vahid Abdurəhmanov, habelə AVMVİB İdarə Heyətinin digər üzvləri və AVMVİB Mətbuat xidməti də daxil olmaq təşkilatın bir çox nümayəndələri həm informasiya müharibəsində, həm də fiziki olaraq ordumuzun yanında oldu, onlarla çiyin-çiyinə fəaliyyət göstərdi və Böyük Zəfəri əsgərlərimizlə birlikdə yaşadı.
Beləliklə, AVMVİB-in məramına daxil olan ən böyük vəzifə — Qarabağın düşmən işğalından azad edilməsi Ali Baş Komandan İlham Əliyev cənablarının qətiyyəti və iradəsi, ordumuzun qəhrəmanlığı və şücaəti nəticəsində yerinə yetrilmiş oldu. Ona görə də, bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi öz 30 illiyini bu böyük sevinc, eyni zamanda şərəf içində qeyd edir.
Bu gün könüllü və ictimai əsaslarla öz fəaliyyətlərini quran müharibə veteranları Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyini döyüşçülərin məbədi hesab edir. Bu illər ərzində dövlətimiz və dövlətçiliyimizin qorunması başlıca amalımız olub. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin hər an veriləcək əmrinə yenə hazırıq. Bayrağımıza əl uzadanların əlini qırmaq, torpağımıza göz dikənlərin gözünü tökmək, Uca Millətimizə dil uzadanların dilini kəsmək borcumuz və vəzifəmizdir.
AVMVİB hər cür sıxıntı və çətinliklərə sinə gərərək 30 ildir ki, yorulmadan fəaliyyət göstərir. Bu gün təşkilat öz qüvvəsi daxilində AVMVİB-nin mətbu orqanı kimi həftəlik «Fədai» qəzetini dərc edir. Qəzetin eyniadlı www.fedai.az internet versiyası da mövcuddur. Lakin üzvlərinin sayının çoxluğu, buna müvafiq olaraq da tədbirlərinin sayının artması www.veteran.az saytını təsis etməsinə səbəb olmuşdur. Saytla birlikdə təsis olunmuş «Veteran TV» internet televiziyası həm regional, həm də beynəlxalq səviyyədə «Youtube» və «Tiktok» platformalarında fəaliyyət göstərir. Veteran Radio — layihəsi isə müharibənin ağrı-acılarını görmüş insanların xatirəsini, onların müsahibələrini həm respublika üzrə, həm də Azərbaycandan kənara — dünya ictimaiyyəti qarşısına çıxarmaqla Azərbaycan həqiqətlərini təbliğ edir.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi veteranlarla bağlı bir çox məsələlərin, o cümlədən onlara verilən aylıq müavinətin 80-dan bu günün tələblərinə uyğun olaraq qaldırılması barədə müvafiq orqanlara müraciətlər etmiş və bununla bağlı təxirəsalınmaz işləri bu gün də görülməkdədir.
Bu gün Azərbaycan üçün taleyüklü məsələlərdən olan Milli Məclisə seçkilər prosesində üzvlərimizi Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi namizədliyini irəli sürmüş müharibə veteranlarının yannında olmağa səsləyir.
Bu gün Azərbaycan Respublikasında Vətən müharibəsi veteranlarını və əlillərini, ehtiyatda olan əsgər və zabitlərimizi özündə birləşdirən bir təşkilat kimi hamımız hər zaman xalqımızın, dövlətimizin, Ali Baş Komandanımızın yanında yer almışıq və sona kimi də belə davam edəcəkdir! Nə qədər ki, bizi gözü götürməyən qüvvələr var, nə qədər ki, bədxahlar fəaliyyətdədir, biz daim sərvaxt olmalı və daim döyüşə hazır vəziyyətdə fəaliyyət göstərməliyik. Biz bu məmləkəti öz canı kimi sevənlərin birliyiyik! Biz Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvü olmaqla fəxr edirik! 30 yaşın mübarək, AVMVİB!
AVMVİB Mətbuat Xidməti