Şəhidlərimiz heç zaman unudulmayacaq
Məmmədov Səhiyəddin Vaqif oğlu 1975-ci ildə Zəngilan rayon Rəbənd kəndində anadan olub. Doğulduğu kənddə səkkizillik təhsil aldıqdan sonra 1992-ci ildə Yenikənd kənd orta məktəbini bitirib. Sıravi kolxozçu kimi əmək fəaliyyətinə başladığı ilk aylarda Zəngilan Rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliyə alınaraq Milli Orduda hərbi xidmətdə olub. Rayonumuzun əksər sərhədboyu ərazilərində erməni quldur dəstələrinin hücumlarının qarşısının alınmasında fəal iştirak edib.
Məmmədov Səhiyəddin Vaqif oğlu 1994-cü il yanvarın 7-də Füzuli rayonunun Şükürbəyli kəndi uğrunda döyüşdə başından yaralanaraq şəhid olub. Silahdaşlarının verdiyi məlumata görə, Beyləqan rayonunun «Peyğəmbər» adlanan qəbristanlığında dəfn edilib. Lakin sonralar məzarının yerini dəqiqləşdirmək mümkün olmadığından itkin hesab olunub. 1995-ci ildən şəhidlik statusuna malikdir.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) İdarə Heyətinin qərarınsa əsasən, ölümündən sonra Şəhid Məmmədov Səhiyəddin Vaqif oğlunun adına təşkilatın təsis etdiyi «Müharibə veteranı» xatirə medalı şəhidin anası Firayə xanıma təqdim olunmuş, həmçinin Səfərova Firayə Alməmməd qızına AVMVİB-in üzvlük vəsiqəsi təqdim edilmişdir.
Təqdimetmə mərasimində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev, AVMVİB-in təşkilatı məsələlər üzrə sədr müavini Vahid Abdurəhmanov və AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev iştirak etmişlər.
AVMVİB Mətbuat xidməti