30.04.2024

Təbrik: İmran Qurbanov — 60

Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvü, Qarabağ müharibəsi iştirakçısı, Prezident təqaütçüsü, tibb xidməti kapitanı, hərbi həkim, cərrah İmran Qurbanovun doğum günüdür. 1-ci Qarabağ müharibəsindən Zəfər gününə və ən nəhayət antiterror əməliyyatlarına qədər andına sadiq qalaraq həm ön, həm də arxa cəbhədə misilsiz dəyanət, cəsarət nümayiş etdirmişdir. Həyatının mənasını Vətənə, xalqa xidmətdə görən İmran həkim Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində hər zaman şəhid ailələrinin və müharibə veteranlarının sağlamlığını prioritet hesab etmiş, onlara hər cür kömək və dəstəyini əsirgəməmişdir.

İmran Qurbanov 1964-cü il aprel ayının 17-də Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuş, orta məktəbi “Qızıl medal”la bitirmişdir. 1982-ci ildə Azərbaycan Tibb İnstitutunun “Əzcaçılıq” fakültəsinə qəbul olsa da, istədiyi fakültə olmadığından imtina edərək həqiqi hərbi xidmətə getmişdir. O, 1985-1991-ci illərdə Azərbaycan Tibb İnstitutunun «Müalicə profilaktika» fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

İmran Qurbanov xalq qarşısında xidmətlərinə görə və 60 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan ordusu” yubiley medalı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) tərəfindən “Milli ordu-100”, “Müharibə Veteranı”, və “Böyük Zəfər” medalları ilə təltif edilmişdir.

Qarabağ müharibəsi veteranlarına və qazilərə göstərdiyi diqqət və qayğıya görə İmran Qurbanov Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) tərəfindən 60 illik yubelyi münasibəti ilə Fəxri Fərmana layiq görülmüşdür.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi İmran Qurbanovu 60 illik yubileyi münasibəti ilə təbrik edir, yubilyara uzun ömür, möhkəm cansağlığı və xoşbəxt günlər arzu edir.

AVMVİB Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: