AVMVİB sədri «20 Yanvar»dan yazdı
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev 20 Yanvardan yazdı.
— O məşum gecədən 34 il keçir. Xalqımız əzildiyi imperiya boyunduruğundan azad olmaq üçün qalxdığı Azadlıq mübarizəsi əli qanlı imperiyanı qorxuya salmışdı. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun şəxsi əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib.
Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.
1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib: “…Azərbaycanda baş vermiş hadisələri mən hüquqa, demokratiyaya zidd, humanizmə və hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm. Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin də yaranmazdı. Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır!”
Bu xususi bir cəsarət tələb edən bir bəyanat idi. Sonrakı illərdə də və hakimiyyətdə olduğu illərdə də 20 Yanvar daim Ulu öndərin diqqətində oldu.
Bu il xalqımız 20 Yanvar hadisələrinin 34-ci ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) üzvləri də Bakının ən möhtəşəm məkanında Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər Xiyabanını hər il yad edir. Çünki biz veteranlar, şəhidlərimizi və Şəhidlər Xiyabanını azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi yad edirik və vaxtı ilə döyüşlərə yollananda da bu müqəddəsliyə and içərək qanlı döyüşlərə atılmışdıq. Bu yol davam etməkdədir. Bu müqəddəs yolun yolçuları 44 günlük Vətən müharibəsi günlərində da başlanmış bu yolu Zəfərə qovuşdurdular.
Bu gün bu müqəddəs məkanda yüzlərlə döyüşçü qardaşlarımız uyumaqdadır. Onlar bu ölkənin Azadlıq simvollarıdır.
Allah şəhidlərimizə rəhmət eləsin!
Azərbaycanın müstəqilliyi və azadlığı daim və dönməz olsun!