21.11.2024

AVMVİB sədri Azərbaycan xalqını təbrik edib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:

«Bu il həm də onunla yadda qaldı ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi, Xankəndində Azərbaycan bayrağı əbədi dalğalanmağa başladı. Mən bu bayrağa baxarkən Ulu Öndər Heydər Əliyevin müdrikliklə dediyi «Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır!» sözlərini xatırladım.

Bütün bunlara görə biz Azərbaycan Respublikasının Müzəffər Ali Baş Komandanı İlham Əliyev cənablarına, Şəhidlərimizə, Qazilərimizə, qəhrəman və şanlı Azərbaycan Silahlı Qüvvələrinə borcluyuq. Biz İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü və suverenliyimizi tam təmin etdik. 1989-cu ildən sonra birinci dəfədir ki, Qarabağ torpaqlarında ilk dəfə Müstəqil Azərbaycanın seçkiləri baş tutacaqdır. Bu da bütöv Azərbaycan deməkdir. O, son 200 ildə yeganə liderdir ki düşmən tapdağı altında qalmış Azərbaycan torpaqlarını geri qaytarmış və müstəqilliyini tam bərqərar etmişdir. Cənab İlham Əliyevin nümayiş etdirdiyi «Dəmir yumruq» həm də xalqımızın birliyinin və həmrəyliyinin simvoludur.

Mən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili münasibətilə xalqımızı təbrik edirəm, Şəhidlərimizə rəhmət, yaralı Qazilərimizə şəfalar diləyərək onların ailələrinə səbr və mətin olmağı arzu edirəm, ehtiyatda olan zabitlərimizə, veteranlarımıza uzun ömür və can sağlığı arzu edirəm. Biz öz üzərimizə düşən missiyanı layiqincə icra etdik, bundan sonra bizim oğul və qızlarımız, nəvələrimiz sülh və əmin-amanlıq şəraitində yaşasın. Növbəti 2024-cü il Zəngəzur dəhlizinin açılışı ilə yadda qalsın, xalqımıza düşərli, xeyir-bərəkət, bolluq gətirən il olsun».

AVMVİB Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: