21.11.2024

“Makron erməni lobbisinin əlində bir alətdir” — Rəsmi Bakı

Azərbaycan Xarici İşlər Nazirliyi bu gün Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayonun XİN-ə çağrılması ilə bağlı məlumat yayıb.

XİN-dən “Veteran.az”a bildirilib ki, görüşdə Fransa Prezidenti Emanuel Makronun Marsel şəhərində erməni icması ilə görüşdə Azərbaycan əleyhinə səsləndirilmiş, Ermənistanı birtərəfli qaydada müdafiə edən və həqiqəti əks etdirməyən fikirlər ilə bağlı Fransa tərəfinə etiraz edilib və məsələyə dair Fransa tərəfindən izahat istənilib:

“Səfirə bildirilib ki, dəfələrlə anti-Azərbaycan bəyanatları ilə yadda qalan E.Makronun yenidən qərəzli fikirlər səsləndirməsi Fransa Prezidentinin Fransanın erməni lobbisinin əlində bir alət olduğunun və müharibə, müharibədən sonrakı dövrdə öz məqsədlərinə nail ola bilmədiyinin bariz nümunəsidir.

Vurğulanıb ki, Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi kimi tanınması fonunda E.Makrona istinadən yayılmış bu kimi qərəzli bəyanatlar bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasına mane olmaqla yanaşı, separatçılıq və terrorçuluğu təşviq edənlərin və dəstəkləyənlərin destruktiv fəaliyyətini daha da genişləndirməsinə rəvac verir”.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: