Ölkəmizdə bu xəstəlikdən ölüm halı niyə artıb?
Son zamanlar ölkəmizdə insult xəstəliyindən əziyyət çəkənlərin sayı artıb. Əvvəllər bu xəstəlik yaşı 60-dan yuxarı şəxslərdə müşahidə olurdusa, indi daha aşağı yaşlarda da bu xəstəliyə rast gəlmək mümkündür. Hətta bu xəstəlikdən ölüm sayı da artıb.
Nevroloq Qalib Əsədov bildirib ki, insult xəstəliyindən əziyyət çəkənlərin sayının kəskin şəkildə artmasının əsas səbəbi stressdir.
“Son dövrlərdə insanlar çoxlu miqdarda neqativ emosialar alırlar. Həyəcan, gərginlik, gündəlik həyat tərzimiz də insultun başılıca səbəblərindən biridir. Əvvəllər bayramlarda insanlar kütləvi şəkildə povizitiv enerjiyə köklənirdilər. Bu günlərdə isə biz bayramları belə könül xoşluğu ilə keçirə bilmirik. Bu cür gərginliyin fonunda təzyiq artır, qan dövranın pozulması ağır xəstəliklərə gətirib çıxarır.
İkinci amil isə canımızın qayğısına qalmırıq. Təzyiq varsa, haramızsa ağrıyırsa, baş ağrıyırsa, baş gicəllənməsi varsa, boş şeydir deyirik. Həkimə getməklə bağlı problem yaşayırıq. Ciddi problem olduqda belə, həkimə getmək əvəzinə, kimdənsə eşitdiyimiz türkəçarə üsullarına əl atırıq. O vaxt müalicəyə keçirik ki, xəstəlik artıq ciddiləşir, xəstə artıq insult keçirmiş olur”, — Əsədov bildirib.
Nevroloq qeyd edib ki, xəstəliklərin artmasında digər məsələ qidalarımızdır:
“Azərbaycan mətbəxi çox zəngindir. Yağlı və duzlu yemək çeşidlərimiz boldur. Biz də bunlara diqqət etmədən çox yeyirik. Üstəlik bizim həyat tərzimiz yarımoturaq keçir. Çox insan işi ilə əlaqədər bütün gün kompüter arxasında olur. Bu da qan dövranın pozulmasına, onurğa əyriliyinə səbəb olur. İnsanlar təmiz havada gəzməli, bacardıqca stressdən uzaq olmalıdır”.