Yeni müharibə əsl fəlakətdir: «Rusiyanın Türkiyəyə müqavimət göstərmək gücü yoxdur”- Akopjanyan
“Rusiya bizim üçün faydalı olan qərarların qəbulunu istəmir və bacarmır”.
Bu fikirlər erməni analitik Razmik Akopjanyanın hazırladığı məqalədə əks olunur:
“ABŞ dövlət katibi Entoni Blinken Ermənistan və Azərbaycanın xarici işlər nazirlərini danışıqların yeni raundu üçün Vaşinqtona dəvət edib. Bu, bir çox səbəblərə görə gözlənilən inkişaf idi. Əvvəla ona görə ki, Cənubi Qafqaz ABŞ üçün burada möhkəmlənmək fürsətini əldən verməyə razılaşmayacaq qədər vacib regiona çevrilib. Ölkəmizin baş naziri Nikol Paşinyanın Soçidə danışıqlar zamanı Rusiya prezidenti Vladimir Putinə Amerika planından əl çəkməyəcəyini söyləməsi barədə məlumatın nə dərəcədə doğru olduğunu bilmirəm. Çünki Paşinyan rəsmən tamam başqa söz dedi. Ən azından Rusiyanın planını rədd etmədi. Bu, “Artsax”ın statusunu, onun sakinləri üçün təhlükəsizlik zəmanətlərini və Rusiya sülhməramlılarının onların məsuliyyət zonasında qalma müddətinin uzadılmasını nəzərdə tutur. Amma məsələ ondadır ki, Putinin sözləri artıq çoxdan vədlərin yerinə yetirilməsinə zəmanət vermir” – müəllif vurğulayır.
“Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın bildirdiyi kimi, Rusiya Soçi bəyanatına Qarabağın adının daxil olacağını vəd etsə də, bu baş tutmayıb. Həmçinin Ermənistan bir neçə dəfə Rusiyanın təkliflər paketinə “Dağlıq Qarabağ münaqişəsi” ifadəsini daxil etməyə cəhd göstərib. Hər şeyin belə olacağına söz verən Rusiya tərəfi isə sonda vədini yerinə yetirməyib. Nəhayət, məlum olur ki, Rusiya belə qərarların qəbulunu nəinki istəmir, hətta bunu bacarmır. Sadəcə Ermənistanı şantaj etmək kifayətdir və bu indi pik həddindədir” – Akopjanyanın məqaləsində qeyd olunur.
Müəllif daha sonra fikirlərini belə davam etdirir: “Kreml Ermənistanın öz prioritetləri olan suveren, müstəqil dövlət olması barədə düşünmək istəmir. Sərhədlərimizin ruslar tərəfindən qorunması və Kremldən dəhşətli iqtisadi asılılıq vəziyyətində olmağımız Moskvanı qane edir. Reallıqda Kreml Azərbaycandan hər hansı güzəşt tələb etmək fikrində deyil. Çünki Ankara Bakının arxasında dayanır. Və artıq bütün dünya Ərdoğanın “taxıl sövdələşməsi” ilə bağlı hərəkətlərindən nümunə götürərək əmin olub ki, Rusiyanın sadəcə olaraq Türkiyəyə müqavimət göstərmək gücü yoxdur. Bu, Bakının getdikcə daha sərt mövqe tutmasını izah edir. Kreml bizi inandırmağa çalışır ki, “Artsax”ın Azərbaycandan kənarda saxlanması mümkündür. Baxmayaraq ki, əslində bu artıq belə deyil. Düşmən artıq bütün strateji əhəmiyyətli yüksəkliklərə, Qafandan-Cermuxa qədər olan ərazilərə nəzarət edir. Yeni müharibə bizim üçün əsl fəlakət olacaq. ABŞ-ın planı isə ondan ibarətdir ki, fəlakətdən qaçmaq və Ermənistanı xilas etmək vacibdir. Sadəcə olaraq “Artsax”ı xilas etmək üçün heç bir variant yoxdur. Bu, sərt reallıqdır. Kim bunu inkar edərsə, yalançı və təxribatçıdır”.
Məsələn, Marqarita Simonyan Ermənistanda cəmi bir neçə dəfə olduğunu fəxrlə bəyan edir, lakin ölkəmizlə bağlı açıq şəkildə təxribat xarakterli açıqlamalara yol verir. Simonyanın ölkəsi Ana Rusiyadır. Normal, sivil dövlətlərə giriş artıq onun üçün bağlıdır. Xoşbəxtlikdən Ermənistan da belə dövlətlər sırasındadır. Simonyan və digər rusiyalı təxribatçılar, o cümlədən erməni soyadlılar bizi “Rusiyasız itirəcəksiniz” faktı ilə qorxudurlar. Bu baş verməyəcək! Heç kim, ilk növbədə ABŞ buna icazə verməyəcək. Onlar Ermənistanı tamam başqa cür görürlər. Qonşularla açıq hərbi münaqişənin olmadığı və demokratik bir ölkə kimi. Bu, Rusiyanın Ermənistanı görmək istədiyinin tam əksidir” – Akopjanyan fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu
Mənbə: KONKRET.az