21.11.2024

Qazi qardaşımızı xilas edək!

Hələ 2019-cu ildə döyüşçü qardaşımız Nofəl Salahovun müalicəyə olan ciddi ehtiyacını hər kəsə çatdırmışdıq. Üstdən keçən illər qazimizin səhhəti daha da ağırlaşdırıb. Döyüş dostları həyacan təbili çalmaqdadırlar.


Ordumuzun yaranmasında öndə olan Nofəl Salahovun ciddi köməyə və müalicəyə ehtiyacı var. Həm maddi, həm də mənəvi dəstəyimizi əsirgəməməliyik. Pafoslu vətənpərvərlik şüarı deyənlər, belə bir məqam gələndə «Allah şəfa versin» deyib ötərlər. Amma anlamazlar ki, Uca Allahı biz daha yaxşı tanıyırıq.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvü olan Nofəl Salahov şərəfli döyüş yolu keçib. Amma bu gün yataq xəstəsi kimi bizlərə, həkimlərə və səlahiyyətli insanlara möhtacdır. Öncə hər kəsdən xahişimiz odur ki, öz canıyla, qanıyla bu Vətən uğrunda savaşa qalxan qazimizə öz yardımlarını əsirgəməsinlər. Onun həyatını xilas etmək bu gün bizlərin borcudur.

N. Salahov Qarabağ hadisələrinin başlayandan, yəni ermənilərin ölkəmizə qarşı torpaq iddiaları başlayandan Vətənimizin müdafiəsinə ilk qoşulan Məşhur Şıxov batalyonuna 1991-ci ilin noyabr ayında könüllü yazılanlardan biri olub. Şuşanın müdafiəsində, Kərkicahan, Daşaltı əməliyyatlarında, Cəbrayıl rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə Daşbaşı, Şiş qaya əməliyyatlarında, Şur kəndi,Tərtər və Goranboy ətrafinda gedən doyuşlərdə iştirak edib. 1994-96-cı illərdə atəşkəs rejimində Tərtər rayonunun Talış kəndi ərazisində gənc əsgərlərə döyüş təlimləri keçib. 5 il ərzində müxtəlif hərbi hissələrin tərkibində döyüşlərdə iştirak edib. 1996-cı ildə səhhətiylə əlaqədar müalicə üçün hospitala göndərilib və onun təkidinə baxmayaraq, orduya qayıtmağa icazə verilməyib. Hazırda 1-ci qrup əlildir.

Dəfələrlə yazmışıq və bir daha təkrar edirik ki, bu gün veteranlarımızın ciddi problemləri var. «Səngər xəstəlikləri» və «Travma sonrakı sindromla» bağlı bu illər ərzində heç bir iş görülməyib. Bu sahədə müharibə bir yana, əsgərliyə belə getməmişlərin qoyulması problemi günbəgün ciddiləşdirir və sosial narazılığı artırır. Baxımsızlıqdan və çarəsizlikdən bu vəziyyətə düşən Nofəl Salahovu tək qoymamalıyıq. Aidiyyatlı qurumları vəzifələrinin icrasına dəvət edirik.


İnanmaq istərdik ki, gec olmadan qazimizə hər kəs arxa olmağa çalışacaq. Çünki qazi, vətən sevgisinin simvoludur. Şəhid və Qazi, torpağı Vətən, insanı ulus edən dəyərlərdir. Səmimi olsaydıq, heç bir qazimiz bu vəziyyətə düşməzdi.


BİR NƏFƏR HAMI ÜÇÜN, HAMI BİR NƏFƏR ÜÇÜN!..

Gəlin birgə Qazi Nofəl Salahovu xilas edək.

Əlaqə nömrəsi: 050 330 69 33


AVMVİB Mətbuat Xidməti

P.S. Sözün bitdiyi yer…

https://youtu.be/b2UHamt2IKM
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: