03.12.2024

AVMVİB sədrinin müavini qazilərlə bağlı olaya münasibət bildirdi

Bir qrup qazi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısına toplaşıb. Sosial şəbəkələrdə olayı əks etdirən görüntülər yayılılb. Onlar nazirliyin binasına daxil olaraq etirazlarını bildiriblər. İlkin məlumata görə, qazilər əlillik təyinatının olmaması, əksər hallarda imtina cavabı almaları, əyani müayinənin aparılmamasından, komissiyaya gec çağırılmalarından şikayətçidirlər.

Vahid Abdurəhmanov

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati işlər üzrə müavini

Məsələyə münasibət bildirən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov qazilərimizi səbrli olmağa çağırıb.

Qazilərin problemləri var və onların həll yolu tapılmalıdır. Yanlış islahatlar sosial sahəni tam iflasa uğradıb. Ümumiyyətlə, bu nazirlikdə işləyənlərin çoxu öz missiyalarının nədən ibarət olduğunu bəlkə də bilmirlər. Bu gün birinci yanlış hər kəsi Bakıya çağırmaqdır.


Məsələn, Gədəbəyin ucqar bir kəndindən yataq xəstəsi olan qazi Bakıya niyə gəlməlidir? Özü də bir yox, bir neçə dəfə. Qazi, şəhid ailələri, veteranlar, hərbi qulluqçularla bağlı yetərincə Qanunlar qəbul edilib. Amma bu qanunların icrasına nəzarət mexanizmi yoxdur. Bu sahə ölkə rəhbəri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin daim diqqətindədir. Nazirlikdə müraciətlərə baxılmır, göndərilən məktublara da cavab verilmir. Qəbul da yoxdur. Bəs bu şəxslər öz sözlərini kimə desinlər?


Baş verən hadisə kimlərinsə gözləntiləridir. Postmüharibə dövründə bu günədək nazirliyə toplaşmış hüquqşünaslar və filoloqlar ortaya hansı reablitasiya proqramını, hansı psixoloji mərkəzi qoyublar? Qəbul edilmiş qərarda hansı veteran və yaxud da müharibə əlillərini birləşdirən cəmiyyətlə görüş keçirdilər? 30 il müharibə gedən ölkədə qəbul edilmiş faizlər cədvəlini araşdırın neçə adda müharibə xəsarəti nəzərdə tutulub? Biyabırçılıqdı və bəla budur ki, bu cür neqativ addımları öz adlarına deyil, ölkə rəhbərinin tapşırığıyla etdiklərini deyirlər. SPİD xəstəsinə əlillik verən bir nazirlik kontuziyanı danır. Kontuziyanın dünyada müalicəsi tapılmayıb. Dünyanın super gücləri bu xəsarəti aradan qaldıra bilmir. Amma bizdə haradansa həkimlər peyda olub, bir qıyqacı baxışla müalicə edirlər.


Biz hər zaman öncə dövlətçiliyimizin və dövlətimizin, sonra da qazilərimizin yanındayıq. Bizim qoruduğumuz Vətəndə bu cür qarşıdurmaya getmək olmaz. İndiki qazilərimiz ona görə xoşbəxtdirlər ki, onların Müzəffər Ali Baş Komandanı var. Bu nazirlikdən narazılıq yetərincədir. Yalan və yanlışla uzaq getmək mümkün deyil. Səbrli olun və haqlarınız uğrunda hüquqi yolla mübarizə aparın. Bizdən asılı olan köməyi etməyə hər an hazırıq. Unutmaq olmaz ki, sabitlik bu illər uzunu qazandığımız ən böyük nailiyyətlərdən biridir. Onu da qorumaq elə bizlərin borcudur. Düşmənlərə fürsət verməməliyik. Çünki Azərbaycan Dövləti və onun rəhbəri cənab İlham Əliyev daim öz əsgərlərinin qayğısına qalan bir sərkərdədir. Çox güman ki, bu sahədə olan neqativ hallara da tezliklə son qoyacaq.

Elə bu olayda gündəm olan Azərbaycan polisinin örnək münasibəti milyonlarla insanın qəlbini fəth elədi. Ümid edirik ki, tezliklə bütün neqativ hallar aradan qaldırılacaq.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: