21.11.2024

Cənab nazir, baxın bu kadrlara: Bu erməniyə xidmətdir, İlham Əliyevə yox! — Video

Dəhşətli, ürəkdağlayan kadrlardır. Baxın onlara – hissiz, həyəcansız, doluxsunmadan… yox, məhz ağlamadan o kadrlara baxmaq üçün ürək daş olmalıdır, qanda erməni qanı olmalıdır…

Baxın o kadrlara…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin önündə qazilər, müharibə veteranları etiraz keçirir, qapının açılmasını tələb edir. Qapını polislər açmayınca kürəyinə o nazirlikdə oturanların beşinin sığa biləcəyi, yumruğu o nazirlikdəkilərdən bəzilərinin beşinin başından böyük, ürəyi bütün Azərbaycan boyda, fiziki boyu ilə mənəvi boyu bərabər və o nazirlikdəki bəzilərinin heç vaxt çata bilməyəcəyi ucalıqda olan QAZİ qapının şüşəsini sındırır, içəri girir və… Polis onu qucaqlayır, o isə boyunu əyib, o polisin çiyinlərinə qoyub, ağlayır…

Düşmənə qan udduran, diz çökdürən, yurdumuzdan qovan şir biləkli QAZİ yaşam qayğılarına görə kiminlə mübarizə aparacağını bilmir: sındırıb içəri girir, önündə qardaşını görüb, ona sarılır.

Onun qarşısındakı düşmən deyil; onun qarşısındakı can qardaşıdır, sirdaşıdır, poqon yoldaşıdır.

Düşməni qatlayan Qurd Ürəkli Əsgərin hədəfi ölkəsində qapı sındırmaq deyil, qardaşına əl qaldırmaq deyil… Yalnız və yalnız əlilliyini almaqdır, müharibədən sonra himayə olunmaqdır.

O QAZİ dərdini kimə deyəcəyini, kimdən yardım istəyəcəyini bilmir…

Və nazirliyin rəsmisi çıxır, deyir ki, indiyə qədər 3 min veterana əlillik verilib.

Üç Min!

Savaşda nə qədər yaralımız olub? Niyə “indiyə qədər”? Niyə dərhal sonra bütün yaralılara əlillik verilməyib? Niyə dərhal onlar qayğı görməyib?

Bütün yaralananlara dərhal əlillik verərdiniz, sonra sağaldıqca, onlar işlə təmin olunduqca əlillikdən çıxarardınız.

Qazi əlində hansısa həkimin verdiyi arayışlarla sənin öz şəxsi mülkün – xaraban kimi davrandığın dövlət qurumlarının qarşısında get-gələ salınmamalıdır!

Sən, o QAZİnin hesabına krallar kimi yaşayan, hansı haqla onun üzünə qapı bağlatdırırsan? Qazilər ora toplanan kimi niyə hamınız onların qarşısına çıxmadınız? Hara gizlənirsiniz, kimdən gizlənirsiniz? Sizi işğaldan qurtarandan?

Niyə qazilərin önünə bəlkə də bir yerdə savaşdığı polisi çıxarırsınız?

Sən hansı haqq-hüquqla o kresloda oturmusan?

Hələ durub, hər il sosial müdafiə üçün dövlətin ayırdığı yüzmilyonlara “qənaət” edib, büdcəyə qaytarmağınla utanmadan fəxr edəcəksiniz.

Niyə o vəsaitlər bu qazilər üçün xərclənməməlidir? Dövlətin sizə “yetim-yesir” üçün ayırdığı pulları hara geri qaytarırsan, ay adam?

Düşmənin anasını ağlar qoyan QAZİni o cür çarəsizcəsinə ağlatmaq bilirsinizmi nədir?

Bu, Ali Baş Komandana, dövlətə, milli hədəflərimizə xəyanətdir!

Bunun adı erməniyə xidmətdir, erməniyə, Azərbaycana deyil!

Kefsiz İsgəndər

Mənbə: Yenipress

https://youtu.be/WE7cubP5-vw
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: