08.09.2024

Prezidentin açılış mərasimindəki çıxışı rəğbətlə qarşılanıb

Rasət Tağıyev

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xəzər rayon şöbəsinin sədri

Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində Ali Baş Komandan İlham Əliyevin dərin məzmunlu çıxışını müharibə veteranları rəğbətlə qarşılamışlar.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xəzər rayon şöbəsinin sədri Rasət Tağıyev öz fikirlərini bölüşüb.


Ölkəmiz üçün tarixi bir gündə reallaşan bu səfərdə ölkə rəhbəri bu tarixi məqama toxunaraq dedi ki, Rus imperiyasının dağılması nəticəsində Azərbaycan xalqı 104 il bundan əvvəl müstəqilliyə qovuşdu. Ancaq birinci respublika çox yaşaya bilmədi, süqut etdi, cəmi iki ilə yaxın müddət ərzində yaşamışdır. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini biz daim hörmətlə anırıq. Prezidentimiz bu dəfə də tarixi reallıqları əks etdirərək, dedi: «Dövlət müstəqilliyimiz elan olunandan bir gün sonra Azərbaycan Xalq Cümhuriyyəti bizim qədim şəhərimiz olan İrəvanı Ermənistana təhvil verdi. Bu faktı unutmaq olmaz. Bizim qədim diyarımız bizdən ayrı düşdü. XX əsrin əvvəllərində və sonrakı dövrlərdə müstəqilliyimiz möhkəm olmamışdır. Ona görə xalqımız böyük faciələrlə üzləşmişdi. Həm Şərqi Zəngəzur, həm Qarabağ işğala məruz qaldı. O vaxtkı hakimiyyət torpaqlarımızı qoruya bilmədi. 1920-ci ilin noyabrında sovet hakimiyyətinin qərarı ilə heç bir əsas olmadan tarixi diyarımız Qərbi Zəngəzur Azərbaycandan ayrıldı və Ermənistana verildi. Bu, xalqımıza qarşı növbəti düşmənçilik və ədalətsizlik idi. İndiki Ermənistan ərazisində olan Qərbi Zəngəzurun bütün toponimləri, bütün kəndlərin milli tərkibi Azərbaycan xalqına məxsus idi».


Ölkə rəhbərinin: «Əsl müstəqillik məhz odur ki, sən müstəqil siyasət apara biləsən. 1993-cü ildən başlayaraq xalq Ulu Öndərə müraciət edib onu hakimiyyətə dəvət edəndən sonra əsl müstəqillik həyatımız başlamışdır» — bu sözlərini hər kəs öz fəaliyyət proqramı kimi qəbul etməlidir. Güclü ordumuzun və iqtisadiyyatımızın olmasına çalışmalıyıq. Prezident İlham Əliyev bu məqama diqqət çəkərək dedi: «Bu gün güc amili ön plandadır. Beynəlxalq hüquq işləmir. Özümüzü aldatmamalıyıq, daha güclü olmalıyıq, güc toplamalıyıq. Güc amili bundan sonra da dünyada hakim olacaq».

Ali Baş Komandanın 44 günlük Vətən müharibəsi haqqında söylədiyi fikirlər əsil Komandanın, döyüşü idarə edən bir strateqin fikirləri kimi qəbul edilməlidir: «44 günlük Vətən müharibəsi, həm xalqımızın gücünü, həm də mənəvi keyfiyyətlərini göstərdi. Biz ermənilərdən fərqli olaraq dinc əhaliyə qarşı müharibə, etnik təmizləmə aparmamışıq, şəhər və kəndləri yerlə-yeksan etməmişik».


Ölkə rəhbərimiz bütün sahələrdə, həm hərbi, həm tarixi, həm də siyasi sferada düşməni və onun havadarlarını fakt qarşısında qoymaqdadır. Brüssel görüşü bir daha rəsmi olaraq təsdiqlədi ki, artıq həm dəmir yolu, həm avtomobil yolunun Mehridən, Zəngəzurdan keçməsi müəyyən olunub. Prosesi ləngitmək olar, amma qarşısını almaq mümkün deyil. Qarabağda aparılan quruculuq işləri geniş vüsət almaqdadır. Biz buna görə bir daha prezidentimizə və ordumuza minnətdarıq.


Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində Vətən uğrunda öz canından keçmiş şəhidlərimizi də xatırladaraq dedi: «Vətən müharibəsində Qarabağı heç vaxt görməyənlər Qarabağ uğrunda ölümə getməyə hazır idilər və ölümə də getmişdilər. Üç minə yaxın şəhidimizin xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq»…

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: