Ukraynaya 12 milyard dollarlıq silah verilib
Ukrayna fevralın sonundan etibarən 12 milyard dollardan çox silah və maliyyə yardımı alıb.
Bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal Varşavada yüksək səviyyəli donor konfransında bildirib.
O, qeyd edib ki, ölkənin yenidən qurulması Rusiyanın əmlakı hesabına maliyyələşdiriləcək.
Şmıqal Polşa, İsveç liderləri və Avropa Komissiyasının rəhbəri ilə birgə çıxış edib. «Reuters» xəbər verir ki , Ukraynanın Baş naziri Avropa nümayəndələrinə dəstəyə görə təşəkkür edib.
«Ümid edirik ki, fond beş mənbədən maliyyələşəcək — beynəlxalq və maliyyə təşkilatları, humanitar təşkilatların köməyi, fiziki şəxslər və firmaların yardımı, nəhayət, müsadirə edilmiş Rusiya əmlakı», — deyə o bildirib.
Qeyd edək ki, bu gün Varşavada Beynəlxalq Donor Konfransı keçirilib. Məlumata görə, Ukraynaya dəstək üçün 6,5 milyard dollar toplanıb. Ukrayna Prezidenti Volodimir Zelenski də Beynəlxalq Donor Konfransında çıxış edib. O bildirib ki, Ukraynanın beynəlxalq dəstək üçün strateji plana ehtiyacı var.