Deputat pensiyaya çıxmış hərbçilərin deyil Sahil Babayevin arzularını dilə gətirib
«Pensiyaların indeksləşdirilməsindən sonra ən çox verilən suallardan biri də qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxslərin bu imkandan yararlana bilib-bilməməsi ilə bağlıdır. Qeyd edək ki, söhbət daha çox pensiyaya çıxmış hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət qulluqçularından gedir. Hazırda bu kateqoriya üzrə vətəndaşlarımızın sayı 99 min nəfərdir. Daha çox da suallar pensiyaya çıxmış hərbçilərin pensiyaların indeksləşdirilməsi və pensiyaların artıb-artmaması ilə bağlı olur».
Bunu Milli Məclisin deputatı Vüqar Bayramov özünün facebook hesabında yazıb.
O, qeyd edib kiI, “Əmək Pensiyaları” haqqında qanuna uyğun olaraq bu kateqoriyadan olan pensiyaçıların pensiyaları sığorta prinsipindən kənar formalaşdığı üçün indekləşdirmə onların pensiyalarının ümumi məbləğinə aid edilmir.
«Bununa belə, Azərbaycan Prezidentinin imzaladığı “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam bu şəxslərə də 2022-ci ildə dövlət dəstəyinin göstərilməsinə və ümumi pensiya məbləğlərinin hər il artırılmasına imkan yaradacaq.
Belə ki, yeni Sərəncam cənab Prezident tərəfindən Nazirlər Kabinetinə bu kateqoriyadan olan pensiyaçıların pensiyalarının indeksləşdirilməklə artırılması, habelə 2022-ci il üzrə maddi dəstəyin göstərilməsinə dair təkliflərini 1 ay müddətində təqdim edilməsi tapşırılıb. Bu isə o deməkdir ki, Nazirlər Kabineti bu kateqoriyadan olan vətəndaşlarımızın pensiyalarının indeksləşdirilməklə artırılması, habelə 2022-ci il üzrə maddi dəstəyin göstərilməsinə dair təkliflərini martın 8-dək dövlət başçısına təqdim edəcək.
Deməli, qısa zamanda pensiyaya çıxmış hərbçilərin, o cümlədən hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət qulluqçularının da pensiyalarında artımlar olmaqla 2022-ci ildə maddi yardım ala biləcəklər», — deyə deputat bildirib.
Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin ediləndən bəri hərbçilərə və ümumiyyətlə düşmənə qarşı döyüşən hər kəsə aşkar bir savaş açılıb. Bu siyasətin Milli Məclis, Maliyyə nazirliyi və Nazirlər Kabineti tərəfindən dəstəklənməsini də qeyd etmək lazımdır. Deputatın təklif etdiyi variant elə Sahil Babayevin ən böyük arzuları olduğunu bildiririk. Təyin olunduğu gündən ehtiyatda olan hərbçi pensiyaları, nə indeksləşdirilir, nə də artımlar edilir. Əvəzində isə Ali Baş Komandanımıza «pensiyadan qənaət nağılları» təqdim edir. İki ayağı olmayan, iki gözü olmayan, yataq xəstələrinin təqaüdünü kəsərək aylarca süründürmək, nə vaxtdan qənaət sayılır? Qoy cənab deputat bu suallara cavab versin. Onsuz da hərbçilər «öz günahlarını» bildikləri kimi, öz haqlarını aramağı da bilirlər. Nədən bu ölkənin müdafiə sisteminin hədəfə götürüldüyünü qoy deputat araşdırsın…
P.S. 2018-2022-ci illər ərzində ehtiyatda olan hərbçilərin pensiyaları tək indeksasiya üzrə 50%-ə yaxın artırılmalıdır.
Mənbə: Fedai.az