01.07.2025

Azərbaycan Müdafiə Nazirliyi: «7 nəfər şəhid olub, 10 yaralı var»

Azərbaycan noyabrın 16-da Ermənistanla sərhəddə baş vermiş döyüşlər nəticəsində 7 hərbçinin həlak olduğunu, 10 nəfərin yaralandığını bildirib.

Ermənistan bu döyüşlər nəticəsində 24 hərbçisi ilə əlaqəsi kəsildiyini, bir hərbçinin öldüyünü bildirib.

Azərbaycan-Ermənistan sərhədində bazar ertəsindən başlayan və dünən intensivləşən qanlı döyüşlərdə hər iki tərəf atəşkəsin pozulmasında və vəziyyətin gərginləşməsində bir-birini ittiham edir.

Aramsız döyüşlər Rusiyanın vasitəçiliyi ilə noyabrın 16-da gecə saatlarında dayanıb. Rəsmi Moskva vəziyyətin sabitləşdiyini bildirib.

Ermənistan Müdafiə Nazirliyinin ən son məlumatına görə, 16 noyabr döyüşləri nəticəsində «erməni tərəfindən 1 nəfər həlak olub, 13 nəfər əsir düşüb, döyüş əməliyyatları əsnasında daha 24 hərbçi ilə əlaqə kəsilib, hazırda onların taleyi məlum deyil, intensiv axtarış işləri aparılır».

Bundan başqa Ermənistan silahlı qüvvələrinin iki döyüş mövqeyinin «qarşı tərəfin nəzarəti altına» keçdiyi bildirilir.

Rusiya tərəfinin vasitəçiliyi ilə vəziyyətin nizamlanması və erməni hərbçi əsirlərin qaytarılması ilə bağlı danışıqlar aparılır, Ermənistan MN-nin məlumatında deyilir.

Qurum onu da əlavə edib ki, atəşkəs haqqında razılaşmaya ümumən riayət olunur.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: