21.11.2024

Xəstəliyi olub əlillik ala bilməyənlərin NƏZƏRİNƏ

Əlilliyin təyin edilməsi ilə bağlı yeni meyarlara keçid əlilliyə çıxmaq istəyən şəxslərin bu hüquqdan istifadə etməsinə əlçatanlığı yaxşılaşdıracaq.

Bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna edilən dəyişikliyi şərh edərkən deyib.

M.Quliyev bildirib ki, indiyə qədər meyarlar olduqca məhdud sayda klinik və pataloji halları özündə əks etdirdiyinə görə xəstə olan insanların çoxu bu hüquqlarını reallaşdıra bilmirdi: “Ancaq əlilliyin müəyyən olunmasında faiz dərəcəsinə keçməklə daha geniş spektrdə əlilliiyi müəyyən etmək mümkün olacaq. Yeni qaydalarla 800-ə yaxın meyar tətbiq olunacaq. İndi əlillik vəziyyətində olan, lakin qrup ala bilməyən vətəndaşlarımız bu meyarlar tətbiq olunandan sonra əlillik ala biləcəklər.

İndiki qaydalara əsasən, əlillik 150-160 xəstəlik üzrə müəyyən edilir, lakin yeni qaydalarda bu xəstəliklərin sayı 800-ə qədər artırılır. Yəni artıq 150-160 yox, 800-ə yaxın xəstəlik üzrə əlillik faizi almaq mümkün olacaq. Elə xəstəliklər var ki, hazırda onlara əlillik düşmür, amma yeni meyyarlarda həmin xəstəliyi olan insanlara da əlillik düşəcək”.

M.Quliyev bildirib ki, qanuna dəyişikliyin ikinci üstünlüyü ondan ibarətdir ki, meyarlar cəmiyyətə açıq olacaq: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında bu meyarlar yerləşdiriləcək və hər bir vətəndaş ona qoyulan diaqnozu bildikdən sonra ona hansı faiz əlillik təyin ediləcəyini biləcək”.

Qeyd edək ki, Milli Məclis “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif olunan dəyişiklikləri təsdiq edib. Dəyişikliyə əsasən, əlillik dərəcəsinin təyin edilməsi ilə əlaqədar yeni qaydalara keçilir. Belə ki, artıq I, II və III qrup kimi əlillik göstəricisi olmayacaq.

Əlillik orqanizmin funksiyasının itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən ediləcək. Orqanizmin funksiyasının 30-60 faiz itirilməsi III qrup, 60-80 faiz itirilməsi II qrup, 80-100 faiz itirilməsi isə I qrup hesab olunacaq.

Yeni qaydalar 2022-ci il iyulun 1-dən qüvvəyə minəcək.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: