01.07.2025

Müharibə əlillərinə qarşı təşkil olunmuş kampaniyanın Ramiz Mehdiyev üslubu

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi və Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iş birliyi ilə Ermənistandan kalka etdikləri qanunun əksi olan «Əlilik meyarlarını» ortaya ataraq, aşağılarda müzakirə edilmədən, ekspert rəyləri olmadan hansısa bir kolonun sifarişi kimi xalqa sırımağa cəhd faktı ortadadır. 30 illik müharibə aparan bir ölkənin bu «meyarnaməsində» «müharibə, hərb və kontuziya» sözlərinin olmaması hər halda öncə Ali Baş Komandan, Qarabağ fatehi cənab İlham Əliyevə, daha sonra onun əsgərlərinə qarşı aparılan çirkin bir kampaniyadır.

Xatırlayırsınızsa, eyni kampaniya 2001-ci ilin yanvar, fevral aylarında aparılmışdı. Bu gün də eyni üslub ortadadır. Yazanlar kimlərdir? Əlbəttə Əli Həsənov-Ramiz Mehdiyev «məktəbinin» hələ də toxunlmaz qalmış və Azərbaycan jurnalistikasına səpdiyi «pərpətöyün toxumlarıdır». Qazilərlə bağlı yazılan neqativləri sıx-sıx yayınlayanları hər kəs araşdıra bilər. Bunlar üçün müqəddəs heç nə yoxdur. Onlar üçün qələmin müqəddəs vəzifəsi «yala» növbə qazanmaqdır.

Vətən müharibəsi günlərində dəfələrlə, savaş sonrası daxildəki kolona mənsub qüvvələrin «qisas əməliyyatı» başlayacağını yazmışdıq. Bu Aprel döyüşləri sonrası da, Ali Baş Komandanın «İrəvanın tarixi Azərbaycan torpağı olması» açıqlamasından sonra da baş vermişdi. Və bu gün baş verənlər də bu qisasın davamıdır. Özlərini «Dövlət sevər» göstərib, dövlətin milyonlarını talamaqla məşğul olanlar, ilk işləri pensiyaların indeksasiyası olsa da, illərdir ki, bu işi həll edə bilmirlər. Sosial sahəni «qoca erməni inəklərini baha qiymətə işsiz vətəndaşa sırımağa» çevirənlər, tələsik bu istiqamətdə gözə girəcək qənaət axtarırlar.

Təkrarlanan struktur vahidi kimi kimsəyə lazım olmayan Dövlət Əmək müfəttişliyini, Məşğulluq xidmətini və nazirliyin gərəksiz, fəaliyyətsiz struktur vahidlərini əhalinin pensiya fonduna ödədiyi pullar hesabına saxlammaqdansa ləğv edin. Bahalı minik avtomobillərini ixtisar edin.

Katibələrinizi ixtisar edin. Məsələn, statistik olaraq 2020-ci il fevral ayının 1-inə görə, məşğulluq xidməti orqanlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 86,2 min nəfərdirsə, elə Məşğulluğa ayrılan vəsaitin 30%-iylə bu şəxsləri tam təmin etmək mümkündür. Amma bu reallığı qoyub 150 manatlıq əlil təqaüdü kəsməklə qənaətdən dəm vurmaq saxtakarlıqdır və sosial partlayışa meyilli təbəqənin etirazlara məcbur edilməsidir.

Bu məsələ müharibə əlillərinin və veteranlarının dərin hiddətinə səbəb olub. Onlar hesab edirlər ki, qənaət adıyla prezidenti aldatmağa çalışırlar. Bu qərarın ideoloqlarından biri olan Musa Quliyev bu gün saxta əlillərdən danışır və biz də illərdir ki, bunu deyirik. Amma maraqlı burasıdır ki, bu gün həmin saxtaları yanlarına alıb əsil döyüşçüləri qaralamağa çalışırlar.

Bu istifadə üçün yaradılmış saxta əlilləri Musa Quliyev daha yaxşı tanımalıdır. Çünki 1994-1997-ci illərdə şöbə müdiri, 1997-2000-ci illərdə isə Həkim Tibbi Ekspertiza idarəsinin rəisi olub. Kimlərə saxta əlillik verdiyini açıqlasın. Bu səs-küyə ehtiyac da qalmaz.

Məsələ ilə bağlı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyevə müraciət etdik.

Füzuli Rzaquliyev bildirdi ki, son günlər müharibə əlillərinin məsələ ilə bağlı müraciətləri artmaqdadır. Xüsusən də bu «gözəyarı ekspertlərin» səbatsız rəyləri onları hiddətləndirib. Öncə Mətanət xanım, indi də Leyla xanımın belə rəylər verməsini kimsə qəbul etmir. Müharibə əlillərinin həkimlərə müraciət etməməsini səbəb kimi göstərənlər sanki İsveçrədə yaşayıblar. Məsələn, Mingəçevirdə müharibə əlilllərini müalicə etməkdən imtina edən şəhər Xəstəxanasının baş həkiminin əməlləri barədə yazmışdınız. TƏBİB o adamı cəzalandırmaq yerinə vəzifəsini böyütdü.

Nazirliyin Bərpa Mərkəzlərində növbə var. Əlilin həkimə getməməsi onun sağlamlığı ilə bağlı deyil, rüşvət verməyə pulunun olmamasıyla bağlıdır. Güya bunu bu qondarma və düşmən sifarişini yazanlar bilmirlər? «Səngər xəstəlikləri» var. Kontuziyalar var. Bunları müalicə edəcək həkimlər yoxdur bu ölkədə. O tapdıqları xanım qoy öncə bunları müalicə eləsin və sağlamlıqları barədə rəy versin.

Son günlər müharibə əlillərinə qarşı çirkin oyunda alət olanlara deyirəm: «Gəlin bircə barmağınızı bu Vətən yolunda kəsək. Gəlin gözünüzün birini bu Vətən yolunda qurban verin. Əsgər və zabitlərimizin əmək haqlarını endirənlərə silah verin ön cəbhədə bircə gecə növbədə dursunlar. Bunlar kimə işləyirlər?»

Bəli sizin irəli sürdüyünüz versiya tam həqiqətə uyğundur. Bu Ramiz Mehdiyevin dəsti-xəttidir. Amma bu sabitliyi pozmaq istəyənlər, özü də bu etdiklərini güya dövlət naminə etmələrini irəli sürmələrinə sadəcə ad tapa bilmirəm. Bu Dövləti quran insanları hədəfə alanlar dövlətçilik maraqlarından dəm vururlar.

Bu Dövlətə canlar fəda olsun, nəinki təqaüd. Buradan Ali Baş Komandan, Qarabağ fatehimiz cənab İlham Əliyevə üz tuturam: «Cənab Komandanım! Sizin əsgərlərinizi daxildəki kolon nökərləri hədəfə alıb və bu etdiklərini Dövlət adına elan etməyə çalışmaqdadırlar. Biz Sizinləyik və daim əmrinizə müntəzirik. Bircə əmrinizlə bu kolon xidmətçilərini ölkədən qovub çıxarmağa da hazırıq. Onlar Sizin bunca uğurlarınıza kölgə salmaq üçün gecə-gündüz çalışırlar. Amma Sizə inamımız tamdır, sabitdir və kimlərsə bu birliyi poza bilməyəcəkdir. Biz fəxr edirik ki, ölkəmizin prezidenti də müharibə veteranı olan bir hərbi strateqdir».


Bir şeyi də əlavə edim ki, bu gün gedib Ermənistanın qanunu əxz etməkdənsə, hərbi taleyimizi birləşdirdiyimiz qardaş Türkiyənin qazilər haqqında olan normativ sənədləri oxuyun və əxz edin. Özü də bu tarixi gündə ordularımızın birləşdiyi bir gündə. Azərbaycanla Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı. 1921-ci ildə Naxçıvanın təhlükəsizliyi məqsədilə imzalanan Qars Müqaviləsindən 100 il sonra Türkiyə növbəti müqavilə ilə Qarabağın təhlükəsizliyinin qarantına çevrildi. Türkləri sevməsəniz də onların ölkəsində yaşayıb, sərvət toplayırsınız. Bir az səmimi olun.

Qarabağ Qazilər Birliyinin sədri Asəf Əliyev müraciətimizə cavab olaraq bildirdi ki, 2008-ci ildə «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Konvensiyanı və Konvensiyanın Fakultativ Protokolunu ratifikasiya etməklə öz üzərinə mühüm öhdəliklər götürüb. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri və ixtisaslaşmış vətəndaş cəmiyyətinin iştirakı ilə əlilliyi olan şəxslərin hüquqi statusunun daha dolğun müəyyən edilməsi və onların sosial müdafiəsinin daha etibarlı təminatı üçün «Əlillərin Sosial Hüquqlarının Müdafiəsinə dair Milli Fəaliyyət Planı»nın (2013-2018-ci illər) və «Əlillərin sosial müdafiəsi haqqında» qanun layihə sənədi hazırlanmışdı.

İllər keçməsinə baxmayaraq, bu istiqamətdə aparılan işlər unuduldu. Nəinki müzakirələr, yeni gələn bu komanda müharibə əlillərinin heç müraciətlərinə cavab vermirlər. Gələn nazir üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi «köhnə nazirlərin dədəsinə rəhmət oxutma paliqonuna» çevrilib. Deputat Musa Quliyev deyir ki: “Bəlkə də qanun qəbul ediləndən sonra əlillərin sayı artacaq. Yəni bu qanun qəbul ediləndən sonra 200 minə yaxın insanın əlilliyinin ləğv edilməsi ilə bağlı deyilənlər həqiqəti əks etdirmir”. Gülməlidir.

Sosial siyasətin məqsədi gümanlar üzərində qurulmur. Biri «gözəyarı» əlillik təyin edir, biri 80-100%-lik ölüyə əlillik verir, biri də əlillərin sayını artırır. Bunlar xalqı ələ salırlar. İllərdir ki, rəhmətlik Etimad Əsədovdan başlayan bir yolla getməkdəyik. Bizim əsas məqsədimiz müharibə əlillərinin problemlərini həll etməkdir. Bu problemin böyük kəsimini bu problemi həll etməli olan nazirliklər yaradır. Xüsusən də son dövrlər bəzi mənşəyi şübhəli başçılar, nazirlər, həkimlər əl birliyi ilə sosial narazılığı artırmağa hesablanan işlər görməyə başlayıblar. Bu Ramiz Mehdiyevin üslubudur və biz sosial tələbli əlil etirazlarını 2001-ci ilin fevralında hansı məcraya yönəltdiyini unutmamışıq. İndi də həmin jurnalistlər, həmin saxta əlillər və eyni senarilər təkrarlanır. Cəbhədən qayıtmış əsgər Allahın ümidinə qalıb.

Çünki aidiyytlı qurumların özgə tapşırıqları var və biz bunlardan xəbərdarıq. İllərcə o qanunları dəyişənləri də üzə çıxaracağıq. Dəfələrlə demişəm ki, saxta döyüşçü olmur. O döyüşçüdürsə, saxta olması mümkün deyil. Amma saxtakar məmur olur, xain və satqın jurnalisrt olur.


Bizim bu gün qazanılmış Zəfəri həzm edə bilməyənlərə bircə sözüm var: Ya həzm etməlisiniz, ya da həzm etməlisiniz. Ağalarınıza da deyin ki, artıq deşifrə olunmusunuz. Bu ölkədə müharibə iştirakçıları ilə bağlı ayrıca qanunlar hazırlanmalıdır. Əlilliyin təyin olunması meyarları da daxil. Özü də bunu cəmiyyətdə tanınmış ictimai birliklərin nümayəndələri ilə müzakirə etməklə qəbul etməliyik. Parlamentə göndərilmiş sənədə gəlincə isə bu rəsmən bir düşmən sifarişidir və buna qol qoyanlar cəzalandırılmalıdır…

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: