18.04.2024

Prezident: «Biz hər il 100 min artan əhalini gələcəkdə iş yerləri ilə təmin etməliyik»

«Sahibkarlığın inkişafı bundan sonra ölkəmizin inkişafının əsas şərti olacaq. Çünki dövlət xətti ilə icra edilən əsas infrastruktur layihələri başa çatmaq üzrədir. Ona görə biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı, yeni iş yerlərinin yaradılması — bütün bunlar dövlət siyasətimizin tərkib hissəsidir. İnvestorlar da belə gözəl müəssisələrin yaradılması ilə digər sahibkarlara da yol göstərirlər ki, gəlin, siz də vəsait qoyun».

Veteran.az  xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Ağstafa Aqrar Sənaye Kompleksinin açılışında müəssisənin kollektivi ilə görüşündə bildirib.


Dövlət başçısı qeyd edib ki, azərbaycanlı investorlar, ilk növbədə, Azərbaycana vəsait qoymalıdırlar ki, bizdə işlər daha yaxşı getsin: «Çünki bizim əhalimiz artır. Biz hər il 100 min artan əhalini gələcəkdə iş yerləri ilə təmin etməliyik. Ona görə iqtisadi inkişaf, sərmayə qoyuluşu demoqrafik inkişafı üstələməlidir. Bu, əsas vəzifədir. Əlbəttə ki, işlə təmin edilən vətəndaşlar yaxşı maaşla təmin olunmalıdırlar, onların iş şəraiti yaxşı olmalıdır. Mən demişəm ki, 8 saatlıq iş günü vardır və heç bir işçini ondan artıq işlətmək olmaz. Eyni zamanda, bütün işçilər gərək rəsmi qaydada maaş alsınlar, kölgə iqtisadiyyatına yol vermək olmaz. Qeyri-rəsmi məşğulluğa yol vermək olmaz. Sizin kimi müəssisələrdə bu faktlar yoxdur və ümumiyyətlə ola da bilməz. Çünki sizin yanaşmanız beynəlxalq yanaşmadır və mən istəyirəm ki, bütün Azərbaycan müəssisələri bu prinsiplər əsasında işləsinlər.


Mən bunu artıq bir neçə dəfə demişəm, bir daha işçilərə demək istəyirəm. Xüsusilə nəzərə alsaq ki, bu bölgədə aprelin əvvəlindən səhiyyə sistemimiz icbari tibbi sığorta sisteminə keçir, pulsuz tibbi xidmət almaq üçün vətəndaşlar gərək mütləq rəsmi qaydada işləsinlər. Ona görə qeyri-rəsmi məşğulluğa qarşı mübarizə üsullarından biri də icbari tibbi sığorta olacaq. Əlbəttə ki, əgər kimsə qeyri-rəsmi işləyirsə, gələcəkdə pensiyadan da məhrum olacaq».

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: