Respublika Veteranlar Təşkilatında faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə tədbir keçirilib
Aprelin 30-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatında faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə tədbir keçirilib.
Respublika Veteranlar Təşkilatının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə İkinci Dünya müharibəsi iştirakçıları, 44 günlük Vətən müharibəsi qaziləri, Dövlət Gömrük Komitəsinin əməkdaşları və könüllüləri iştirak ediblər.
Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov təşkilatın fəaliyyəti haqqında iştirakçılara məlumat verib. Azərbaycan xalqının İkinci Dünya müharibəsində böyük şücaətlərə imza atdığına diqqət çəkən C.Xəlilov minlərlə azərbaycanlının faşizmə qarşı mübarizədə göstərdiyi qəhrəmanlığa görə keçmiş SSRİ-nin çoxsaylı orden və medalları ilə təltif edildiyini bildirib.
Cəlil Xəlilov İkinci Dünya müharibəsi iştirakçısı Fatma Səttarovanın Respublika Veteranlar Təşkilatının sədri seçilməsindən sonra qurumun fəaliyyətində keyfiyyət etibarilə yeni mərhələnin başlandığını diqqətə çatdırıb. Onun keçdiyi döyüş yolunun və həyat təcrübəsinin gənclərimiz üçün nümunə təşkil etdiyini bildirən C.Xəlilov gənc nəslin İkinci Dünya müharibəsi veteranlarından çox şeyin öyrənməli olduğunu vurğulayıb.
Sədr müavini qeyd edib ki, Dövlət Gömrük Komitəsi hər zaman veteranlara diqqət və qayğı göstərib. Buna görə Komitənin rəhbərliyinə minnətdarlığını bildirən Cəlil Xəlilov bu əməkdaşlığın yaxın gələcəkdə daha da genişlənəcəyinə inamını ifadə edib.
Daha sonra çıxış edən Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova İkinci Dünya müharibəsi dövründəki xatirələrindən danışıb. Azərbaycan xalqının qəhrəman övladlarının bu müharibədə sovet torpaqlarının faşist işğalçılarından müdafiəsində yaxından iştirak etdiyinə diqqət çəkən Fatma Səttarova 44 günlük Vətən müharibəsinin xalqımızın həyatında əlahiddə rol oynadığını bildirib. Fatma Səttarova gəncləri Vətəni, xalqı, Ali Baş Komandanı sevməyin önəmindən danışaraq deyib: “Vətən müharibəsində Azərbaycan gənclərinin göstərdiyi qəhrəmanlıq bütün dünyaya nümunədir. Gənclərimiz bu müharibədəki igidlikləri ilə Vətəni, torpağı necə qorumaq lazım gəldiyini göstərdilər. Onlar qəhrəmanlıqları ilə tarix yazdılar. Mən bir ana kimi qazilərimizin, şəhidlərimizn qarşısında baş əyirəm. Mən bütün gəncləri Vətəni, torpağı sevməyə səsləyirəm. Vətən də, ana da müqəddəsdir. Ona görə də Vətən uğrunda ölmək olar, amma onu kiməsə güzəştə getmək, torpaqdan pay vermək olmaz. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində düşmən üzərindəki qələbə ilə bunun ən gözəl örnəyini göstərdi. Ali Baş Komandanımızın və Birinci vitse-prezident Mehriban Əliyevanın zəhməti sayəsində dövlətimiz indiki inkişaf mərhələsinə çatıb, torpaqlarımız işğaldan azad edilib. Artıq böyük quruculuq, abadlıq işləri həyata keçirilir”.
Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, gömrük xidməti polkovniki Vüqar Əliyev əvvəlcə Komitə sədri Səfər Mehdiyevin veteranlara ünvanlanan təbrik məktubunu oxuyub. Bütün veteranları qarşıdan gələn 9 may — Qələbə Günü və Ramazan bayramı münasibətilə təbrik edən Vüqar Əliyev Respublika Veteranlar Təşkilatının fəaliyyətini yüksək qiymətləndirib, gəncləri təşkilatın işində yaxından iştirak etməyə, veteranların təcrübəsini öyrənməyə səsləyib. Vətən müharibəsinin Azərbaycan tarixində yeni səhifə açdığını bildirən Vüqar Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin yaxın gələcəkdə yeni inkişaf mərhələsinə qədəm qoyacağına inamını vurğulayıb.
Tədbirin sonunda veteranlara Dövlət Gömrük Komitəsinin gətirdiyi bayram sovqatları paylanılıb.