21.11.2024

Bizlər üçün çalınan zənglər…

Nurlan Məmmədli

...heç vaxt soruşma ki, «o zəng kimin üçün çalır?» O, Sənin üçün çalır».

İntihara gətirən səbəblər barədə yazmaq istəmirəm.

Qeyd etmək istədiyim təhtəlşüurla bağlıdır. İsan birinci ölür, sonra intihar edir. Yəni özünü dənizə atmış, kəndirdən asmış, relslərə sarılmış adam, o su boğazına dolmamış, kətil ayağının altından qaçmamış, qatarın təkərləri bədənini didməmiş o adam artıq ölmüş olur.

Səhv etmirəmsə, Stiven Kingin bir hekayəsindədir. Bacı-qardaş növbəylə hündür anbarın damına çıxır, aşağı, samanın üstünə tullanmaqla əylənirlər. Bir dəfə samanlığa çatmamış bacının ayağı büdrəyir, yıxılanda taxta tirdən yapışır!

Bəlkə də 1-2 dəqiqə ərzində, bəlkə saniyələr boyu oğlan qızın yıxılacağı yerə saman döşəyir və qıza xəbər eləyir: «Hə, indi burax əlini…»

Onlar böyüyürlər, qız başqa şəhərə köçür və həyatının hansısa depressiv məqamında qardaşına aramsız məktublar yazır, həyatından narazılıq edir. Sonra da özünü yuxarı mərtəbədən aşağı atır. Qardaş gec də olsa anlayır ki, heç demə, bacısı yenə ondan kömək umurmuş: lap ola bilsin 17-ci mərtəbədən özünü atanda da qardaşının artıq aşağı yumşaq nəsə döşəyəciyini gözləyirmiş…

Ancaq heyf ki, bu dəfə qardaş aşağı, betonun üstə saman daşımağı unutmuşdu.

Əslində intihardan əvvəl insanlar xilas üçün çağırış edir. Bizlər isə eşitmirik…

XVII əsrin məşhur ingilis şairi Con Donna məxsusluğu bilinən bu sözlər dünyada məşhurdur:

«Öz-özlüyündə Ada kimi müstəqil bir insan yoxdur: hər bir insan Materikin, Qurunun bir hissəsidir; və əgər Dalğa sahil Sıldırımını qoparıb Dənizə aparsa, Avropa kiçilər, eləcə də Burunun kənarlarını yuyarsa, ya sənin, ya da Dostunun Qalasını dağıdar; hər bir insanın ölümü məni də əksildir, çünki mən bütün Bəşəriyyətlə bir vahidəm, buna görə də heç vaxt soruşma ki, «o zəng kimin üçün çalır?» O, Sənin üçün çalır».

—© 2021 Unless otherwise specified, the profile is my proprietary property and all types of files that are distributed in this profile under the sign © are owned and controlled by /nurlan.mammedli and are protected by copyright and intellectual property rights. The content of this profile is private and confidential.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: