Kimlərə veteran adı veriləcək? — Ramaldanov AÇIQLADI
Müharibə veteranı adı istəməklə, müraciət etməklə verilmir. Müharibə veteranı adını almaq üçün müəyyən prosedurlar var.
Baş nazir müavininin rəhbərliyi altında müharibə veteranını müəyyənləşdirməklə bağlı komissiya yaradılıb. Bu komissiyanın tərkibində bütün adiyyəti nazirliklərin nazir müavinləri və xidmət rəisləri təmsil olunur. Komissiyada siyahılara baxılır, bunun əsasında müharibədə iştirakla bağlı qurumlarda qərar qəbul edilir.
Veteran.az xəbər verir ki, bu sözləri Baku.ws-ə ehtiyatda olan polkovnik, sabiq briqada komandiri Şair Ramaldanov bildirib. Sabiq briqada komandiri əlavə edib ki, bu məsələdə Birinci Qarabağ Müharibəsinin təcrübəsi nəzərə alınıb: “Bilirsiniz ki, həmin dövr bir gün ezamiyyətdə olan, yardım aparanlara da veteran adı verirdilər. Eyni zamanda müharibədə döyüşlərə də veteran adı verirdilər. Bütün bu məsələlər nəzərə alınaraq dəyişikliklər nəzərdə tutulub.
Birinci Qarabağ Müharibəsindən 3 il sonra veteran adı tərtib olunmuşdu. Bəziləri elə düşünür ki, indi veteran məsələsi gecikdirilir. Ancaq bu məsələ vaxt aparır. Hələlik qurumlar öz siyahılarını tamamlamayıblar, bu başa çatandan sonra istəkdən asılı olmayaraq kimə şamil olunursa, nazirliklərin komissiyası buna baxacaq. Daha sonra ümumi qərar qəbul olunacaq və vəsiqənin verilməsi təmin ediləcək. Belə bir fikir dolaşır ki, əli silahlı Şuşaya daxil olanlar veterandır, lakin orada yemək bişirən veteran deyil. Bu, əsla belə deyil və hamı veteran statusu alacaq. Ancaq buna da bir ortam gətirmək lazımdır ki, cəmiyyət bunu düzgün anlasın, qəbul etsin.
Müharibədə işirak etmiş əsgərlərin yaralanıb və ya yaralanmaması önəmli deyil. Veteran adı almaq üçün yaralanmaq şərt deyil. Veteran iştirakçı deməkdir. Hesab edirəm ki, döyüşlərdə və döyüşlərin təmin edilməsində bilavasitə iştirak edənlər veteran adını alacaqlar. İstər səfərbərlik, istərsə də başqa formada orduya çağırılsın. Əsas odur ki, müharibənin iştirakçısı olsun». Qeyd edək ki, müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü (80 manat) ödənilir. Bu hüquq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə veteranı vəsiqəsi verildiyi tarixdən yaranır.