28.03.2024

Azərbaycana dəstək davam edir

TÜRKİYƏ. “Ermənistan işğalçıdır”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

“İşin bu səviyyəyə gələcəyi məlum idi. Ermənistan mütəmadi olaraq Azərbaycanda mülki əhalinin yaşadığı bölgələri atəş altında saxlayır, hücumlar edir. Hücumlar nəticəsində Azərbaycan öz üzərinə düşən addımları atır. Biz qardaş Azərbaycanı qətiyyən yalnız buraxmayacağıq. Cənab İlham Əliyevlə danışıqlar aparırıq. Azərbaycandan bir nümayəndə heyətini Türkiyəyə göndəriblər, ətraflı danışıqlar aparılıb. Mən də onlarla danışmışam. Azərbaycanın yanındayıq”, — deyə Türkiyə Prezidenti vurğulayıb.(Apa)

PAKİSTAN. “Pakistan Ermənistan Silahlı Qüvvələri tərəfindən iyulun 12-də Azərbaycanın Tovuz rayonuna edilən və bir neçə azərbaycanlının itkisi ilə nəticələnən hücumu sərt şəkildə pisləyir”.

Bu barədə Pakistanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Pakistan tərəfi həlak olanların ailələrinə dərin hüznlə başsağlığı diləyir.

“Həll olunmamış Dağlıq Qarabağ münaqişəsi regional sülh və təhlükəsizliyə uzunmüddətli nəticələrə gətirib çıxara biləcək ciddi təhdid törədir”, — deyə bəyanatda vurğulanır. 

Bəyanatda qeyd olunur ki, son təxribat hərəkəti Ermənistanın beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrində təsbit olunduğu kimi, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə mane olmaq cəhdidir: “Pakistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyini bir daha təsdiqləyir, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha bəyan edir”.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: