21.11.2024

AVMVİB sədri düşmənin cəzalandırılmasının vaxtı çatdığını bildirdi

Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verdi ki, düşmən tərəfindən bölmələrimizin mövqelərinin atəşə tutulması nəticəsində cəbhənin Füzuli rayonu istiqamətində Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlləzov Əlləz Ələddin oğlu şəhid olub.

Bu xəbər müharibə veteranlarının ciddi etirazına səbəb olub. AVMVİB sədri Füzuli Rzaquliyev Veteran.az-a açıqlamasında bunları dedi:

«Düşmən bütün sahələrdə əsil düşmən olduğunu nümayiş etdirməkdədir. Mövqelərimizin atəşə tutulması, işğal ərazilərində məskunlaşmanın təşkili və qanunsuz aparılan tikintilər, Beynəlxalq arenada anti Azərbaycan təbliğatı, ölkə daxilində öz kolonu vasitəsiylə təxribatlar törətmək cəhdi, Paşinyanın avantürüst bəyanatları və s. bir daha sübut edir ki, Qarabağı terrorçulardan antiterror əməliyyatı ilə azad etməyə məcburuq. Bu gün bizim qüdrətli ordumuz var, kimsə bunu dana bilməz. Lakin bu gün tutduğumuz gözləmə mövqeyi bizi erməniləri qoruyan bir hərbi güc vəziyyətinə salıb. Çoxları iri miqyaslı hücumların ölkəmiz üçün problemlər yarada biləcəyini deyirlər. O zaman dünyada geniş istifadə olunan hibrid müharibədən və yaxud sürüngən müharibədən istifadə edə bilərik. Birincidən düşmən istifadə edir. Hibrid müharibəsi adi, kiçik və kibermüharibəni birləşdirən hərb strategiyadır. Habelə, “hibrid müharibəsi” termini Qərbdə CBRN adlandırılan nüvə, bioloji və kimyəvi silah növləri, eləcə də əldəqayırma partlayıcı maddələr və informasiya müharibəsi vasitəsilə edilən hücumu ifadə etmək üçün də işlədilir. Münaqişələrə belə yanaşma müharibənin güclü və mürəkkəb növünə aid edilir. ABŞ Dəniz Piyadalarının keçmiş zabiti, hazırda isə Pentaqonun elmi əməkdaşı Frenk Hofman “hibrid müharibə” anlayışını siyasi məqsədlərə nail olmaq üçün düşmənin bir anda silahların mürəkkəb kombinasiyası, partizan müharibəsi, terrorçuluq və döyüş meydanında cinayətkar davranışları əhatə edən fəaliyyətinin məcmusu kimi təsvir edir. Hibrid müharibəsi konsepsiyasının əsas müəlliflərindən olan F.Hofmanın fikrincə, bu müharibədə qalib gəlmək üçün ordu, KİV, qurban ölkənin QHT-lərindən istifadə etmək, lazım gələrsə, cinayətkar dəstələrin rəhbərlərini ələ almaq siyasi qətllər və terror aktları da törətmək də olar.

Yaxud da «sürüngən müharibə» düşmənin ən qorxduğu bir taktikadır. Çünki bunun üçün düşmənin maddi-texniki bazası, insan resursları və uzun müddətli döyüşlərə davam gətirməsi mümkün deyil. 30 il eyni sözü, eyni həyasızlıqla təkrar edən düşmənin cəzasız qalması bizim ziyanımıza işləməkdədir.

Hər bir şəhid xəbəri biz veteranların qəlbini sızladır. Bu itkilərə son qoymağın tək bircə yolu düşmənlərdən torpaqlarımızın tam azad edilməsidir. Bu bizim haqqımızdır və heç bir beynəlxalq qurum bu haqqa qarşı çıxa bilməz.

Allah şəhidimizə rəhmət eləsin!»

Müəllif: Elnur SƏLİM

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: