Vahid Abdurəhmanov: «Yeni dövrə, tam yeni bir üslubda qədəm qoyacağıq»
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov saytımıza bir sıra açıqlamalar verdi. Xüsusən, koronavirusdan sonrakı dövr üçün təşkilati işlər barədə danışdı. O, bildirdi ki, karantinin başlandığı gündən öz fəaliyyətimizi məhdudlaşdıraraq karantin qaydalarına uyğun qurmağa çalışdıq. Ölkə rəhbərinin «Biz birlikdə güclüyük!» çağırışını öz devizimizə çevirdik. Karantin dövründə birliyin hər iki saytı öz fəaliyyətini dayandırmadı. Saytın könüllülərinə AVMVİB adından öz minnətdarlığımızı bildirirəm.
Vahid Abdurəhmanov: «Mövcud durumla əlaqədar möhtərəm prezidentimizin təxirəsalınmaz tədbirləri və səyi nəticəsində ölkəmiz başqa ölkələrə nümunə oldu. Vətəndaşlar da qoyulan qaydalara məsuliyyətlə əməl etdilər. Biz də öz növbəmizdə vətəndaş təəssübkeşliyi ilə bütün sosial layihələrdə dövlətin yanında olub, dəstək verməyə çalışdıq. Aztəminatlı veteran ailələrini diqqətimizdə saxladıq. Bir çox rayon şöbələrimizin bu sahədəki fədakar əməyini alqışlayırıq. AVMVİB-nin Nərimanov, Zəngilan, Sumqayıt, Xəzər, Nizami, Nəsimi, Göygöl, Sabirabad, Tovuz, Ağstafa, Xocavənd, Suraxanı və digər rayon şöbələrimiz maksimum öz əlaqələri, imkanları hesabına şəhid ailələrinin, müharibə veteranlarının yanında olmağa çalışdılar. Hər bir fədakar şöbə sədrlərinə öz minnətdarlığımızı bildiririk. Biz öz əməllərimizlə sübut etdik ki, həqiqətən də «Biz bir yerdə güclüyük!»-dedi.
Postkoronavirus dövründə nəzərdə tutulan tədbirlər planı barədə məlumat verən AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov bildirdi ki, pandemiyadan sonrakı dövr üçün bizim əsas qayəmiz olan gənclərimizin hərbi-vətənpərvərlik tərbiyəsi ilə bağlı tədbirlərin həyata keçirilməsi, hərbi hissələrdə görüşlərin keçirilməsini qeyri-müəyyən müddətə təxirə salmışıq. Çünki mövcud durumda bu qadağalara ciddi riayət etmək borcumuzdur. Yəni gözlə görünməyən bir düşmənlə mübarizə gedir və biz də bu mübarizədə dəstək olmağa çalışmalıyıq. Ona görədə, hələlik kütləvi tədbirlərdən danışmaq tezdir. 2020-ci ilə dair planlara yenidən baxacağıq. Necə deyərlər, yeni dövrə, tam yeni bir üslubda qədəm qoyacağıq. Karantin dövründə də boş dayanmadıq.
AVMVİB sədrinin sosial və hüquqi məsələlər üzrə müavini Abbas Hüseynovun rəhbərliyi ilə «Veteranlar haqqında» Qanunun yeni layihəsi hazırlandı və saytlarımız vasitəsiylə veteranlarımızın müzakirəsinə verildi. Müzakirələrdən sonra Milli Məclisə təqdim edəcəyik. Digər bir tərəfdən isə imkansız müharibə veteranlarımızla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə müraciət etdik. Lakin bu qurumun sosial işlərdən başqa hər şeylə məşğul olduqlarını nəzərə alsaq, onlar belə müraciətlərə cavab belə vermirlər. Doğrusu bu şəxslərin bu nazirliyə niyə təyin edildiklərini anlamada çətinlik çəkməkdəyik. Yəqin bu məsələ ilə bağlı bu qəbildən olan təşkilatların Prezidentə birgə müraciətini qəbul edəcəyik.
AVMVİB İdarə Heyətinin Qərarının illərcə həyata keçirilməməsinə münasibət bildirən sədr müavini Vahid Abdurəhmanov dedi ki, AVMVİB İH-nin Qərarını, istər sıravi üzvü, istərsə də şöbə sədri, hər kəs qeyd-şərtsiz icra etməyə borcludur. Qərara tabe olmayanların məsələsinə yenidən baxmalı olacağıq. Belə bir məsuliyyəti hiss etməyənlərlə birgə olmaqdansa, yolumuzu ayırmağa üstünlük verməliyik. Birlikdə olub heç bir fəaliyyət göstərməməkdənsə, belələrinin sıramızda olmaması daha yaxşıdır. Qaldı ki, əvəzsiz kadr yoxdur. Hər rayonda işləmək istəyən onlarla veteranlarımız var. Qərarın icrası AVMVİB İH-nin üzvü Xaqani Rzaquliyevə həvalə edilmişdi. Amma o, bu işin öhdəsindən demək olar ki, gələ bilməyib. Verdiyi məlumata görə ötən 2019 — cu ildə cəmi 3 rayon şöbəsi -Mingəçevir, Nəsimi, Nizami rayon şöbələri bu qərarı tam, Laçın şöbəsi isə qismən yerinə yetirib. 2020-ci ildə Nəsimi, Yasamal, Nərimanov, Sumqayıt, Tovuz, Ağstafa, Çilov, Mingəçevir şöbələri ödənişlər ediblər. Bu il təkcə Nəsimi rayon şöbəsi hər ay üzrə 10 manat ödəyib. Bu qərarın icrası İdarə Heyətinin növbəti yığıncağında geniş surətdə müzakirə ediləcək və bununla bağlı qərar veriləcək. Xatırladım ki, AVMVİB rayon şöbələrinə asan olsun deyə, X. Rzaquliyevin adına kart hesabı açdırdıq:
1) AVMVİB rayon şöbələri Birliyin qərarına uyğun olaraq ödəməli olduqları aylıq vəsaiti;
2) Fedai.az və Veteran.az saytlarının normal fəaliyyəti üçün maddi yardım göstərmək istəyənlər;
— MilliÖn vasitəsi ilə aşağıdakı hesaba vəsait köçürə bilərlər:
Xaqani Rzaquliyevin adına açılmış Kapital Bank kartının hesab nömrəsi: 4169 7413 1132 6571.
Yəni aylıq ödəmək üçün internet, MilliÖn vasitəsiylə hər ay ödəniş edə bilərlər.
Sonda V. Abdurəhmanov Ramazan bayramı münasibətiylə öz təbriklərini çatdırdı: «Qoy bu Müqəddəs Ramazan bütün müsəlman dünyasına sabitlik, bütün körpələrə, ailələrə səadət, rifah gətirsin. Könülləriniz fərah olsun! Hər kəsə möhkəm cansağlığı və problemsiz həyat arzulayıram.»
Əlavə olaraq AVMVİB İdarə Heyətinin Qərarının mətnini diqqətinizə çatdırırıq:
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin İdarə Heyətinin
QƏRARI
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin mətbu orqanı olan «Fədai» qəzetinin çap və digər xərclərinə kömək göstərilməsi məqsədilə
QƏRARA ALIR
1. AVMVİB -nin rayon, şəhər şöbələri AVMVİB-nin»Fədai» qəzetinə hər ay 10 (on) manat maliyyə yardımı etsinlər.
2. Qərarın icrasına, «Fədai» qəzetinə ediləcək yardımına nəzarət İH-nin üzvü Xaqani Rzaquliyevə həvalə edilsin.
AVMVİB İdarə Heyətinin sədri: Füzuli Rzaquliyev
Elnur Səlim