Veteranlar Prezident sərəncamını məmnunluqla qarşıladılar…
Verilən son sərəncamla bağlı redaksiyamıza və AVMVİB qərargahına edilən yüzlərlə zəng Azərbaycan Respublikasının prezidentinə minnətdarlıqlarla dolu idi. Məsələ ilə bağlı AVMVİB sədri Füzuli Rzaquliyevə müraciət etdik və sədr, Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı «Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında» sərəncamı şərh etdi.
AVMVİB sədri F. Rzaquliyev dedi: «Əvvala təşkilatımızın üzvü olan çox minlik veteranlar ordusu adından Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlığımızı bildirirəm. Bu zamanında verilmiş bir qərardır və biz öz Komandanımızdan bu qərarı gözləyirdik. Bu dəfə də Dövlətimizin Başçısı sübut etdi ki, sosial siyasət dövlətimizin prioritetlərindəndir. Ötən həftə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşdə də müharibə veteranlarına verilən kompesasiyaların azlığını qeyd etmişdim. Xüsusən də təqaüdə çıxmış müharibə veteranları bizə tez-tez şikayətlər etdiklərini, həm sizin sayt vasitəsiylə, həm də aidiyyatlı orqanlarla görüşlərdə dəfələrlə qeyd etmişdik. Həmçinin zamanında atılmış bu addım ölkədəki stabilliyi pozmaq istəyən bəzi pozucu qüvvələrə ciddi bir cavabdır. Hay-küyçülərin əlindən arqumentlər bir-bir alınır. Ona görə də bir daha bəyan edirik ki, ölkəmizdəki stabilliyin pozulmasına yönələn istənilən qrup qarşısında keçmiş döyüşçüləri görəcəklər.
Bir daha Prezident cənab İlham Əliyevə müharibə veteranlarının minnətdarlığını çatdırır və inanırıq ki, məhz onun komandanlığı altında bu il doğma torpaqlarımız düşmənlərin tapdağından azad ediləcəkdir. Hər bir keçmiş döyüşçü bir müsəlləh əsgər kimi Ali Baş Komandanın əmrini gözləməkdədir»…
Xatırladaq ki, bu sərəncam 256 min nəfəri əhatə edibvə iki yeni prezident təqaüdü təsis edilib. Sərəncama görə, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirləri davam etdirmək və bu tədbirlərin əhatə dairəsini daha da genişləndirmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakılarla bağlı normativ hüquqi aktların layihələrini 15 gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir:
— I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi;
— müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi.
Müəllif: Elnur SƏLİM