Görəsən Kitay bu işlərə necə baxır?
ELDAR TAĞIYEV -Ukrayna
1990-cı illərin əvvəlində hakimiyyət dəyişiklikləri zamanı rayonlardan birinə sovet rejiminə qarşı mitinqlərdə fəallıq göstərmiş gənci rəhbər təyin edirlər.
Oğlu ixtiyar sahibi olduğundan, ömrü boyu çobanlıq edən atası məclislərdə diqqət mərkəzində olur. O zamanlar siyasətdən danışmağı peşə edən əhali, bu rayonda da məclislərdə dünya problemlərini çözməyə çalışırdılar.
Qarabağ mövsusunda müzakirənin şirin yerində, yaltaqlıqda ad çıxarmış birisi yeni rəisin məclisdə başda oturdulmuş atasına müraciət edir: «Ağsaqqal, sən bu barədə nə düşünürsən?»
Kişi astadan: «Görəsən Kitay (Çin Xalq respublikası) bizim haqqımızda nə fikirdədir?» — cavabını verir.
Bir neçə gün rayonda bu mövzuda söhbətlər gedir, Çin kimi iri bir dövlətin Qarabağ probleminin həllində rolu, bu vaxta qədər onun heç kimim ağlına gəlməməsi xüsusi olaraq vurğulanır. Hamı bu kişininin müdrüklüyündən danışır, əbəs yerə belə oğul yetişdimədiyini xüsusi olaraq qeyd edirlər.
Bir neçə həftə ərzində kişiyə əlavə suallarla müraciət edən rayon əhli, kişinin bu sözləri təsadüfən söylədiyini, XX əsrin 60-cı illərində SSRİ və Çin Xalq respublikası arasında münasibətlər kəskinləşərkən, Sovet təbliğatının radioda apardığı kompaniyadan yadında qaldığını anlayırlar və bu ifadə sonralar lətifəyə çevrilir: «Görəsən Kitay bu işlərə necə baxır?»