Qarabağın Həcəri Ali Baş Komandana müraciət etdi
Möhtərəm Ali Baş Komandan!
Çox istərdim ki, Sizi Xankəndindən təbrik edim, buna 2016 -cı ildən ümüdlüyəm. Aprel döyüşlərində erməni əsgərlərinin yalvarışlarını Tərtərdən eşitdiyimdən bu arzudayam. Mərhum prezidentimizin vaxtından icra başçıları çox vaxt özünə sədaqətli olan əlil və şəhid ailələrini bütün tədbirlərdə önə çıxarardı. Bu baxımdan sosial şəbəkədə hələ də Aprel cənazələrinin çıxdıqları yarıuçuq komaların şəkli paylanır.
Xalqı talayan icra başçıları da özlərinə qəsrlər ucaldıblar. İndisə, çox istərdim ki, gəncliklərini qanlı torpaqlarda dəfn etmiş, indiyədək də çoxu həyat qura bilməmiş, səhhətləri yarıtmaz, qohum-qonşu himayəsinə sıqınmış,blap çoxdan unudulmuş veteran qadınlarımıza da mənzillər tikdirəsiniz.
Sizin gənc jurnalistlərimizə bu yöndə göstərdiyiniz qayğınız məndə bu istəyi doğurdu.
Axı, bizlər də bu vətənin yolunda az da olsa xidmət göstərmişik.Yaşlı vaxtımızda öz evimizdə ölümümüzü gözləməyə şərait yaratmağınızı, çoxumuzun hələ də veteran statusumuza çatmamıza kömək etmənizi xahiş edirəm.
Bir gün də cəzalandırdığınız məmurların sərvətlərinin müsadirə ediləcəyini, hərraca çıxarılacağını, pullarının pensiya fondlarına köçürələcəyinə inanıram.
Bu yolda yanınızdayıq.
Qarabağın Həcəri Səbirə Mahmudova