Qazilərdən örnək addım: Silahlı Qüvvələr Günü uşaq sığınacağında qeyd olundu
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Yasamal rayon şöbəsinin sədr müavini, ehtiyatda olan gizir İlkin Ağayev və cəmiyyətin fəal üzvləri 26 İyun – Silahlı Qüvvələr Gününü fərqli və xüsusi bir missiya ilə qeyd ediblər. Vətən müharibəsinin qəhrəman qaziləri və veteranları bu əlamətdar tarixi, dövlətin ordu quruculuğunun 108-ci ildönümündə, Xəzər rayonunun Binə qəsəbəsində yerləşən “Ümid Yeri” uşaq sığınacağında məskunlaşan kimsəsiz və valideyn himayəsindən məhrum uşaqlarla birgə keçiriblər.
Tədbirin rəsmi hissəsində cəmiyyətin sədr müavini İlkin Ağayev çıxış edərək Azərbaycan Ordusunun keçdiyi şanlı tarixi yoldan və qazanılan zəfərlərdən bəhs edib. O, gələcəyimiz olan uşaqların vətənpərvərlik ruhunda böyüməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, müharibə veteranlarının əsas hədəflərindən biri məhz sığınacaq sakinlərinin cəmiyyətə adaptasiyasına kömək etmək və onlara mənəvi dayaq olmaqdır.
Tədbir çərçivəsində cəmiyyət üzvləri uşaqların asudə vaxtını səmərəli təşkil etmək məqsədilə xüsusi musiqili və əyləncəli proqram təqdim ediblər. Sığınacaq sakinləri ilə səmimi söhbətlər aparılıb, uşaqların arzuları dinlənilib. Sığınacağın rəhbərliyi və kollektivi göstərilən bu böyük diqqət və qayğıya görə qazilərə, eləcə də cəmiyyətin üzvlərinə dərin minnətdarlıqlarını ifadə ediblər. Qeyd olunub ki, çətin döyüş yollarından keçmiş qəhrəmanların ziyarəti uşaqların yaddaşında silinməz izlər qoyub və onlarda orduya, Vətənə olan sevgini daha da gücləndirib. Tədbirin sonunda uşaqlar qazilərlə birgə xatirə şəkilləri çəkdirib.
AVMVİB-in Mətbuat xidməti


.jpg)
.jpg)
.jpg)

.jpg)
.jpg)
.jpg)
