17.10.2025

27 sentyabr — Şəhidlərimizin anım günü

27 sentyabr – Vətən tarixinin qanla yazılmış, amma Zəfərlə möhürlənmiş müqəddəs bir gündür. 2020-ci ilin həmin günündə başlayan və 44 gün davam edən Vətən müharibəsi, yalnız torpaqlarımızın azadlığı uğrunda deyil, həm də millətin ruhunun ölməzliyini sübut etmək üçün idi. Bu müharibədə şəhid olan igidlərimiz ölmədilər – əksinə, həyatlarını Vətən torpağına sərmayə qoyaraq əbədiyyətə ucaldılar. Onların canı fani bədəndən köçdü, lakin əbədi Haqq yoluna qarışaraq xalqın yaddaşında “nurani varlıq” kimi yaşamağa başladı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Milli Ordumuzun rəşadəti və xalqın sarsılmaz birliyi nəticəsində əldə olunan Böyük Qələbə, milli varlığımızın təntənəsi, dövlətimizin tarixində ən parlaq səhifələrdən biri oldu.

O günlər bizə göstərdi ki, xalq şəhid verirsə, bu, onun məhvə yox, əzəmətə doğru yüksəlişidir. Çünki şəhidin qanı torpağı vətənə çevirən ən müqəddəs möhürdür. Bu gün artıq o şanlı tarixdən 5 il keçir. Neftçala rayonunda da AVMVİB-nin rayon şöbəsi, şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq, Anım Günü münasibətilə Şəhidlər kompleksini və məzarlarını ziyarət etdi. Tədbirdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, məktəblilər və ictimaiyyətin nümayəndələri iştirak etdilər. Əvvəlcə şəhidlərimizin məzarları başında dua oxundu, qəlbən səcdəyə enildi. Çünki Şəhid məzarı yalnız daşdan yonulmuş bir abidə deyil, “Allah yolunda can verənlərin diriliyinə” işarə edən Qurani-kərim həqiqətinin canlı təcəssümüdür. Sonra abidənin önünə gül-çiçək dəstələri qoyularaq, xalqımızın şəhidlərə olan əbədi minnətdarlığı bir daha ifadə olundu.

AVMVİB-nin Neftçala rayon şöbəsinin idarə heyəti və üzvləri kollektiv və fərdi şəkildə şəhid məzarlarını ziyarət edərək ailələrlə görüşdülər, onların dərdlərinə şərik oldular. Bu anlarda şəhid ailələrinin qarşısında baş əyildi – çünki fəlsəfi baxışla şəhid anası, şəhid atası sadəcə bir ailə fərdi deyil, millətin müqəddəs yükünü daşıyan qürur timsalıdır. Bu gün şəhidlərimizin ruhu qarşısında dediyimiz söz yalnız bir dua ola bilər: “Siz ölmədiniz, siz ölümsüzsünüz. Bizim başımız sizin ruhunuz qarşısında daim əyik, qəlbimiz isə sizlərlə daim ucalıqda olacaqdır.” Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyev 93 min müharibə veteranı, AVMVİB-nin Neftçala rayon şöbəsi və “Qocalar Döyüşə Gedir” qrupu adından şəhid ailələri «Başın sağolsun, Vətən» deyib Şəhidin ailəsinə səbr diləyirik.

Mübariz Eldar oğlu, AVMVİB-nin Neftçala rayon şöbə sədri

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: