AVMVİB Naxçıvan təşkilatı Kəngərli rayonunda şəhid məzarlarını ziyarət etdi

25 iyul 2025-ci il tarixində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Naxçıvan Muxtar Respublikası təşkilatının nümayəndələri Kəngərli rayonunun Böyükdüz kəndində oldular. Səfərin məqsədi Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimiz İsmayıl Yüzbaşyev və Sürəddin Məmmədovun əziz xatirəsini yad etmək, məzarlarını ziyarət etmək olmuşdur.
Ziyarət zamanı AVMVİB Naxçıvan MR təşkilatının sədri Rövşən İsmayılxanlı çıxış edərək şəhidlərimizin Vətən qarşısındakı misilsiz xidmətlərindən danışmış, onların əbədi olaraq xalqımızın yaddaşında və ürəyində yaşayacağını vurğulamışdır. O, qeyd etmişdir ki, şəhid ailələrinə göstərilən diqqət və ehtiram dövlətimizin və cəmiyyətimizin mənəvi borcudur.
Tədbir çərçivəsində şəhid İsmayıl Yüzbaşyevin anası Nəzakət xanıma AVMVİB adından xatirə plaketi təqdim olunmuşdur. Eyni zamanda Vətənpərvər fəaliyyəti ilə seçilən və şəhid ailələrinə daim dəstək göstərən Böyükdüz kənd sakini İlham Məmmədova təşkilat tərəfindən Fəxri Fərman təqdim edilmişdir.
Görüş iştirakçıları şəhidlərin məzarları önünə gül dəstələri qoyaraq onların ruhuna dualar oxumuş, vətən uğrunda can vermiş igidlərin xatirəsinin daim əziz tutulacağını bir daha ifadə etmişlər.
AVMVİB-in Mətbuat xidməti







