Şəhid Mirəli Mirəliyev və Əliyev Tahirin mövlud günü münasibətilə məzarları ziyarət olundu

20 iyul 2025-ci il tarixində, Vətən müharibəsi şəhidləri Mirəli Mirəliyev və Əliyev Tahirin mövlud günləri ilə əlaqədar olaraq onların müqəddəs xatirəsi dərin ehtiramla anılıb, məzarları ziyarət edilib.
Ziyarət mərasimində şəhidlərin valideynləri və yaxınları, Sabunçu rayonundan ictimai və dövlət nümayəndələri, həmçinin şəhid ailələri və müharibə veteranları iştirak ediblər. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətini təmsil edən Fəqan müəllim, Maştağa qəsəbəsinin icra nümayəndəsinin müavini Emin müəllim, 255 nömrəli tam orta məktəbin direktoru Mətanət müəllimə, 128 nömrəli məktəbin direktoru Sədaqət müəllimə və 209 nömrəli məktəbin direktoru Səbahət müəllimə də iştirak etmişdir.
Ziyarət zamanı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev, AVMVİB sədrinin birinci müavini Vahid Abdurrəhmanov, AVMVİB Maştağa qəsəbə təşkilatının sədri Mustafa müəllim, eləcə də Sabunçu rayon şöbəsinin sədri Ramiz Musayevin adından şəhid ailələrinə başsağlığı verilmiş, onların hər zaman xalqın qəlbində yaşayacağı vurğulanmışdır.
Tədbirdə həmçinin I və II Qarabağ müharibəsi veteranları və qaziləri də iştirak edərək şəhidlərimizin əziz xatirəsinə ehtiramlarını ifadə etmişlər.
AVMVİB-in Mətbuat xidməti


