14.12.2024

AVMVİB sədrindən Müstəqilliyimizin Bərpası Günü münasibəti ilə təbrik

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev 18 oktyabr — Müstəqilliyimizin bərpası günü ilə əlaqədar xalqımızı təbrik etmişdir! Təbrikdə qeyd olunur:

«Əziz həmvətənlər!

18 Oktyabr – Müstəqilliyimizin Bərpası Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm! Bu şanlı tarix, xalqımızın iradəsinin, azadlıq və suverenliyə olan sarsılmaz inamının təntənəsidir. Məhz bu inam sayəsində biz illər boyu müstəqilliyimizi qoruyub saxlamış, onu daha da gücləndirərək gələcək nəsillərə əmanət etməyə nail olmuşuq.

Bu gün biz, şərəfli tarixin daşıyıcıları olaraq, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizi minnətdarlıqla yad edirik. Onların qəhrəmanlığı, fədakarlığı tariximizin qızıl səhifələrində həmişəlik yer almışdır. Qazilərimiz, müharibə veteranlarımız isə Vətən sevgisinin, qəhrəmanlığın canlı simvollarıdır. Onların keçdiyi çətin və şərəfli yol, hər birimizin qəlbində dərin hörmət və iftixar hissi oyadır.

Xüsusi olaraq vurğulamaq istəyirəm ki, bu qürur dolu günlərdə Ali Baş Komandanımız, İlham Əliyev cənablarının rəhbərliyi ilə qazandığımız Zəfər xalqımızın birliyinin və gücünün ən böyük göstəricisi olmuşdur. Məhz onun uzaqgörən siyasəti və qətiyyətli liderliyi nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunmuş, tarixi ədalət zəfər çalmışdır. Cənab Ali Baş Komandanın bu misilsiz xidmətləri hər zaman yüksək qiymətləndirilməli və unudulmamalıdır.

Bu əlamətdar gündə, bir daha bütün şəhidlərimizi rəhmətlə, qazilərimizi və müharibə veteranlarımızı minnətdarlıqla anır, hər birinizə sağlamlıq, xoşbəxtlik və firavanlıq arzulayıram!

Eşq olsun müstəqil Azərbaycana! Eşq olsun qəhrəman xalqımıza!»

AVMVİB Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: