02.11.2024

İkinci Qarabağ müharibəsi şəhidlərinin siyahısı

14 oktyabr 2020

Müharibənin 18 — ci günü

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

AVMVİB Neftçal Şöbəsi İkinci Qarabağ müharibəsi şəhidlərinin siyahısını təqdim edir.

Mübariz Eldar oğlu, AVMVİB-nin Neftçala rayon şöbə sədri və «Vetran az” qəzetinin Şirvan-Salyan regional muxbiri.

             Samid Gülağa oğlu İmanov (14 oktyabr 1981, Həsənabad, Neftçala rayonu – 4 aprel 2016, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin mayoru, Aprel döyüşləri şəhidi və Azərbaycanın Milli Qəhrəmanı

           Həyatı — Samid Gülağa oğlu İmanov 14 oktyabr 1981-ci ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində Gülağa və Xuraman İmanovların ailəsində anadan olmuşdur.  Samid İmanov ailənin birinci oğul övladı idi.  Onun özündən böyük Aybəniz və Gülbəniz (d. 1978) adında iki bacısı, Sadiq adında isə bir qardaşı var idi.

          Samid İmanov 1988-ci ildə Neftçala rayonu 1 nömrəli tam orta məktəbinin birinci sinfinə getmiş, 1998-ci ildə isə həmin məktəbi bitirmişdir. Ardınca təhsilini Heydər Əliyev adına Ali Hərbi Məktəbdə davam etdirən İmanov 2003-cü ildə həmin hərbi məktəbi fərqlənmə diplomu ilə bitirmiş və Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən mükafata layiq görülmüşdür.

           Samid İmanov 2013-cü ilin iyununda dayısı qızı Badam xanım ilə ailə həyatı qurdu. Şəhidin 2014-cü il təvəllüdlü Fidan adlı qızı və 2016-cı il təvəllüdlü Turan adlı oğlu yadigar qalıb.

*****

            Şəhid Əsədov Əsəd Cəmaləddin oğlu 29 mart 1978-ci ildə Neftçala rayonu, Tatarməhlə kəndində anadan olmuşdur. 1995-ci ildə Neftçala şəhər 1 saylı orta məktəbi bitirərək, Bakı Dövlət Universitetinə qəbul olub. 1999-cu ildə BDU-nin İqtisadiyyat fakültəsini bitirib. Universitetdə hərbi kafedrada oxuyaraq leytenant rütbəsi alıb. 2004-2005-ci illərdə həqiqi hərbi xidmətdə olub və xidmətini baş leytenant kimi başa vurub. 2007-ci ilə qədər Neftçala rayon Əhalinin Sosial Müdafiə Mərkəzi və Dövlət Sosial Müdafiə Fondunun Neftçala rayon şöbəsində işləyib, 2008-2014-cü illərdə «Texnika bank»da, 2014-2016-cı illərdə «Finca» kredit təşkilatında və 2020-ci ilə qədər digər təşkilatların məsul vəzifələrində çalışıb.

          21 sentyabr 2020-ci ildə başlayan hərbi təlimlərə, sonradan isə sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı müxtəlif istiqamətlərində döyüşlərdə iştirak edib və Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. 14 oktyabr 2020-ci il tarixində Neftçala rayon Mərkəzi qəbirstanlığında dəfn olunub. Ailəli olub. Üç övladı var.

           Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhid Əsədov Əsəd Cəmaləddin oğlu ölümündən sonra «Vətən uğrunda» medalı ilə, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən “İgidliyə görə” medalı ilə və «Füzulinin azad olunmasına görə» medalı ilə təltif edilib.

          Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Şəhid Əsədov Əsəd Cəmaləddin oğlu ölümündən sonra 3-cü dərəcəli «Rəşadət» ordeni ilə təltif edilib. 

*****

             Şəhid Orucov Yunis Şaiq oğlu 01 may 2001-ci ildə Neftçala rayonu, Aşağı Qaramanlı kəndində anadan olub. 2007-ci ildə Neftçala rayonu Aşağı Qaramanlı kənd ümumi orta məktəbinin 1-ci sinifinə daxil olub. 2016-ci ildə həmin məktəbin 9-cu sinifini bitirmişdir. Həmin ildə Neftçala şəhər Uşaq İncəsənət məktəbinin tar alətlərinin ifası bölməsinə daxil olmuşdur. Musiqi məktəbini başa çatdıran Yunis, təhsilini Salyan peşə liseyində davam etdirmişdir. Həmin liseyin kənd təsərrüfatı fermerlik peşəsin diplom və attestatla bitirmişdir.

       Şəhid Orucov Yunis Şaiq oğlu  27 sentyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Talış kəndi və Suqovuşan istiqamətində gedən döyüşdə iştirak etmişdir. Ağdam-Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. 14 oktyabr 2020-ci il tarixində Neftçala rayonu Aşağı Qaramanlı kənd qəbirstanlığında dəfn olunmuşdur.    

*******

                Abbasov Pünhan Nəsir oğlu 1997-ci ilin 17 avqustunda Qaradağ rayonunda dünyaya gəlib. 2020-ci ilin 29 sentyabrında hərbi xidmətə çağırılıb. 

          Azərbaycan Ordusunun əsgəri olan Pünhan Abbasov  2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Talış-Suqovuşan bölgəsində döyüşüb. 2020-ci ilin oktyabrın 14-də Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub    

*******

           Ruslan Abasov 24 may 2000-ci ildə Bakı şəhərinin Sahil qəsəbəsində anadan olmuşdur. O, orta təhsilini Sahil qəsəbəsindəki Əliheydər Kazımov adına tam orta məktəbdə alıb.

         2019-cu ilin aprel ayında Ruslan müddətli həqiqi hərbi xidmətə çağırılaraq, Ağcabədi rayonunda yerləşən «N» saylı hərbi hissədə 3 ay müddətinə xidmət etsə də, iyun ayında Beyləqan rayonunda yerləşən «N» saylı hərbi hissələrdən birinə dislokasiya olumuşdur.

             Azərbaycan Ordusunun əsgəri olan Ruslan Abasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edərək şücaət göstərmişdir. 14 oktyabr 2020-ci ildə cəbhənin Füzuli istiqamətində şəhid olmuşdur. Şəhid 16 oktyabrda doğulduğu rayona gətirilərək, Lökbatan qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn olunur.

******

             Tosif Abdullayev 1998-ci il dekabrın 8-də Cəlilabad rayonunun Qara Kazımlı kəndində anadan olub.

         2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən «N» saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

        Azərbaycan Ordusunun əsgəri olan Tosif Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Tosif Abdullayev oktyabrın 14-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Cəlilabad rayonunda dəfn olunub.    

*****     

              Abdullazadə Qasım Əli oğlu 27 iyul 1999-cu ildə Bakının Mərdəkan qəsəbəsində anadan olub. 2005-ci ildə Mərdəkanda yerləşən H.Z. Tağıyev adına 123 nömrəli orta məktəbə təhsil almağa başlamış və 2016-cü ildə təhsilini İsmayıllı rayonu 1 saylı tam orta məktəbdə başa vurmuşdur.

          2017-ci il iyulun 27-də həqiqi hərbi xidmətə yola düşüb. 2019-cu ildə hərbi xidmətini tamamlamışdır.

           Azərbaycan Ordusunun əsgəri olan Qasım Abdullazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün başlanan Vətən müharibəsi zamanı cəbhənin bir çox istiqamətlərində döyüşlərdə iştirak edərək şücaət göstərmişdir. Qasım 14 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur   

*******

              Ağazadə Sənan Nizami oğlu 2000-ci il, may ayının 1-də Lənkəran rayonun Göyşaban kəndində anadan olub. 2019-cu il, iyulun 22-də Vətən torpaqlarını qorumaq üçün hərbi xidmətə yollanan Sənan «Mən əfsanə olacağam!» deyərmiş.

        Sənan Ağazadə Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şücaət nümayiş etdirib. Minaatan bölüyündə tuşlayıçı kimi iştirak edib. Hədəfi sərrast nişan alması sayəsində  düşmənin bir neçə hərbi texnikasını və 35 əsgərini məhv edib. 

       Oktyabrın 14-də qəhrəmancasına şəhid olub.

        Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə «Vətən uğrunda», «İgidliyə görə» və «Füzulinin azad olunmasına görə» medalları ilə təltif edilib     

*****

               Zeynalı Əlləz oğlu Dursunov 16 mart 1999-cu ildə Saatlıda, Fətəlikənddə doğulub. Əslən Axıska türklərindəndir. 2006-cı ildə Saatlı rayonu, Ömər Faiq Nemanzadə adına Günəşli kənd ümumi orta məktəbinin birinci sinfinə daxil olan Zeynalı 2014-cü ildə həmin məktəbin doqquzuncu sinfini bitirib. 2014-2016-cı illərdə Adil Çaxoyev adına Fətəlikənd tam orta məktəbində tam orta təhsilini başa vurub.

        Zeynalı 2017-ci ilin iyulundan 2019-cu ilin yanvarına qədər Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub. Ordudan tərxis olunandan sonra fərdi təsərrüfatda işləyib.

         Zeynalı II Qarabağ Müharibəsi zamanı işğal altında olan Vətən torpaqlarının azadlığı uğrunda döyüşlərə qatılıb. O, oktyabrın 14-da Füzuli istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olub.    

******

                Famil Ağaəhməd oğlu Əhmədzadə 23 sentyabr, 1975-ci ildə Bakı şəhəri Xətai rayonunda anadan olub. Ailəsi İsmayıllıya köçdüyünə görə Famil 1982-ci ildə İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul edilib. Orta təhsil illərində məktəbin savadlı, ictimai işlərdə fəal şagirdlərindən biri kimi tanınıb. 1992-ci ildə orta məktəbi əlaçı məzun kimi başa vurub.

         Famil 2020-ci ilin 27 sentyabrında – Vətən müharibəsi başlanan gün könüllü olaraq cəbhəyə yollanıb. Ürəyində böyük vətən sevgisi yaşadan cəsur zabit, müəllim Tərtər rayonunun Talış və Suqovuşan kəndlərinin müdafiəsində müstəsna rol oynayıb. Oktyabr ayının 13-dən 14-nə keçən gecə Talış və Suqovuşanda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid Famil Əhmədzadənin nəşi noyabrın 3-də əvvəlcə yaşadığı evə, daha sonra İsmayıllı rayonu Şəhidlər Xiyabanına gətirilərək, şəhər sakinlərinin izdihamlı yürüşü ilə dəfn edilib.     

*******

                  İlkin Ələsgərli 1992-ci il oktyabrın 14-də Şəmkir rayonunun Keçili kəndində anadan olub. 1999–2010-cu illərdə S. Vurğun adına Təzəkənd kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

        İlkin Ələsgərli 2010–2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2013-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb. Daha sonra xidmətini «gizir» hərbi rütbəsi altında davam etdirirdi. İlkin Ələsgərli 2016-cı ilin 2–5 aprelində baş tutan döyüşlərin iştirakçısı olub.

        Azərbaycan Silahlı Qüvvələrinin giziri olan İlkin Ələsgərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 30-da Füzuli döyüşləri zamanı şəhid olub. Şəmkir rayonunun Keçili kəndində dəfn olunub.   

*******

               Yusif Yaşar oğlu Ələsgərov 1996-ci il oktyabrın 14-də Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olub. 2002-2013-ci illərdə M.Məmmədov adına Yuxarı Öysüzlü kənd tam orta məktəbində təhsil alıb.

       Yusif Ələsgərov 2014-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2014-2016-cı illərdə Daxili Qoşunların «N» saylı hərbi hissəsində xidmət edib. 2017-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin «N» saylı hərbi hissəsində müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb.   

        Azərbaycan Ordusunun əsgəri olan Yusif Ələsgərov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli, Xocavənd, Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə tankçı kimi iştirak edib. Oktyabrın 24-də Qubadlı döyüşləri zamanı ağır yaralanıb. Müalicəsi tam bitmədən yenidən döyüş bölgəsinə qayıdıb.

         Yusif Ələsgərov noyabrın 7-də Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində torpağa tapşırılıb.   

*******

                  Heybullah Əsdiyev Məzahir oğlu 1993-cü il oktyabrın 14-də Balakən rayonunun Qaysa kəndində anadan olub.2000-2011-ci illərdə Qaysa kənd tam orta məktəbində təhsil alıb. 2011-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2011-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

          Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Heybullah Əsdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Oktyabrın 16-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Balakən rayonunun Qaysa kəndində torpağa tapşırılıb   

******

              Səfa İsazadə 17 may 1999-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 2005-2016-cı illərdə şəhid Vüqar İbrahimov adına Xaçmaz kənd 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Səfa İsazadə 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib.

         Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Səfa İsazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan II Qarabağ müharibəsinin 3-cü günündə 29 sentyabrda müharibəyə yollanıb. Talış kəndinin azad olunması uğrunda əməliyyatlarda iştirak edib. Səfa İsazadə oktyabrın 14-da Suqovuşan döyüşlərində qəhrəmancasına vuruşaraq şəhid olub. Səfa İsazadə oktyabrın 19-da Oğuz rayonunun Xaçmaz kənd Şəhidlər Xiyabanında dəfn olunub. 

******

                    Yusif Nəcəfov 14 oktyabr 2001-ci ildə Yasamal rayonunda doğulub. 52 nömrəli tam orta məktəbi bitirib. 5-6 il cüdo idman növü ilə məşğul olub. İran, Türkiyə Gürcüstan və Azərbaycanın şəhərlərində keçirilən çoxsaylı idman yarışlarının iştirakçısı olub, nailiyyətlər əldə edib.

        Yusif Nəcəfov 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin «N» saylı hərbi hissəsində hərbi xidmətə başlayıb və top komandiri olub.

         Azərbaycan Ordusunun əsgəri olan Yusif Nəcəfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində döyüşüb.

        2020-ci il oktyabrın 1-i cəbhədə yaralanıb daha sonra 12 gün müalicə alıb, ardınca 13-cü gün təkrar döyüşə qayıdıb elə həmin gün də cəbhənin Kəlbəcər rayonu istiqamətində şəhidliyə ucalıb. 

*******

                 İbrahim Rasif oğlu Rükabzadə 14 oktyabr 2000-ci ildə Masallı rayonunun Boradigah qəsəbəsində anadan olub. 2006-cı ildə Boradigah qəsəbə Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəbinin birinci sinfinə daxil olub. 2017-ci ildə həmin qəsəbə məktəbini bitirib. 2019-cu ilin aprel ayının 8-də çağırışçı kimi hərbi xidmətə yollanıb.

        Əsgərliyini Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonununda “N” saylı hərbi hissəsində dəvam etdirib. 2019-cu il iyun ayının 2-sində Xüsusi Təyinatlı Qüvvələrə qatılmışdır.

        Azərbaycan Ordusunun əsgəri İbrahim Rasif oğlu Rükabzadə 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı  Füzuli rayonu, Cəbrayıl şəhərinin, Zəngilan, Qubadlı və Xocavəndin alınmasında iştirak edib.

        İbrahim Rükabzadə 21 oktyabr Xocavənd rayonunda şəhidlik zirvəsinə ucalıb. Şəhidin nəşi 23 oktyabr 2020-ci il tarixdə doğulduğu Masallı rayonunun Boradigah qəsəbə qəbiristanlığında izdihamla torpağa tapşırılıb. Subay idi.    

*****

              Seymur Sərxoşov 1987-ci il yanvarın 28-də Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində dünyaya göz açmışdır. İbtidai təhsilinə 1993-cü ildə şəhid Azər Namazovun adını daşıyan 180 saylı orta məktəbdə başlamışdır.

2004-cü ildə orta məktəbi bitirdikdən sonra «Nəqliyyat servisi (avtomobil nəqliyyatı üzrə)» ixtisası üzrə Azərbaycan Texniki Universitetinə qəbul olunmuşdur. Ali təhsilini başa vuran Seymur 2008-ci ildə hərbi xidmətə yollanmışdır. Qazax rayonunda xidmət etmişdir. İxtisasca sürücü olmuşdur. 2009-cu ildə hərbi xidmətdən qayıtdıqdan sonra ixtisası üzrə nəqliyyat sahəsində çalışmağa başlamışdır.

          Azərbaycan 2020-ci il 27 sentyabr tarixində ərazi bütövlüyünü bərpa etmək üçün düşmən təxribatlarına cavab olaraq vətəni müdafiəyə başladı. Döyüşlər başlayar-başlamaz Seymur da vətənin dar günündə ona dayaq olmaq üçün ordu sıralarına qayıtdı. Döyüşlərə qatıldığı gündən daima ön cəhbədə şücaətlə xidmət etdi. Füzulidə könüllü hərbi batalyona qoşulan Seymur 14 oktyabra qədər Qubadlı rayonuna qədər gəlib çıxa bilmişdi. Elə həmin gün Qubadlının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə mənfur düşmənin ağır artilleriyadan açdığı mərmi atəşi nəticəsində Seymur qəhrəmancasına şəhid oldu. Şəhidimizin nəşi oktyabrın 18-də valideynləri ilə birgə yaşadığı Qızıldaş qəsəbəsinə gətirildi. Seymurun cənazəsi döyüşə yollandığı qəsəbədə böyük izdihamla qarşılandı. Şəhid növbəti gün, 19 oktyabr yaşadığı Qızıldaş qəsəbəsi Şəhidliyində rayon rəhbərliyinin iştirakı ilə təntənəli surətdə torpağa tapşırıldı.    

*******

               Anar Tağıyev 14 oktyabr 1996-cı ildə Beyləqan rayonunun Kəbirli kəndində anadan olmuşdur. Anar Tağıyev Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Anar Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Anar Tağıyev 3 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: