18.10.2024

07 oktyabr 2020 “İkinci Qarabağ müharibəsi şəhidlərinin siyahısı”

Mübariz Eldar oğlu, AVMVİB-nin Neftçala rayon şöbə sədri və «Vetran.az” qəzetinin Şirvan-Salyan regional muxbiri.


       Abışov Elnur Şaiq oğlu 1 sentyabr 1997-ci ildə Kürdəmir rayonunun Qarasu kəndində doğulub. Subay idi.

2016-ci ildə Aprel döyüşlərində iştirak edib, fəallıq göstərib. Hərbi xitmətini başa vursa da, vətənə olan sevgisi onu hərbidən kənarda çox saxlaya bilməyib. Yenidən müddətdən artıq hərbçi kimi xidmətə başlayıb. 2020-ci ildə qardaşı Səfalı ilə birgə Vətən Müharibəsinə qatılır. Talış və Suqovuşan kəndi uğurunda gedən döyüşlərdə düşmənin bir neçə texnikası və xeyli sayda canlı qüvvəsini məhv edib. 7 oktyabr 2020-ci ildə qəhrəmancasına şəhid olub.


       Toğrul Ağalarlı 1995-ci il yanvarın 31-də Ağsu rayonunun Ağalarbəyli kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Toğrul Ağalarlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Toğrul Ağalarlı oktyabrın 7-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Ağsu rayonunda dəfn olunub.

            Məhəmməd Zöhrab oğlu Allahverənov 1995-ci ildə Bərdə rayonunun Çəmənli kəndində anadan olub. Uşaq yaşlarından əmisi İbrahim Allahverənovun hərbi geyimi həmişə onun xoşuna gələrdi. Məhəmmədin adını da əmisi qoymuşdu.  Azərbaycan Ordusunun erməni işğalçılarına qarşı əks-hücumu başlananda Məhəmməd 3 aya yaxın idi ki, müddətdən artıq hərbi qulluqçu idi. O, hərbi əməliyyatların başlanmasını uzun illərdən bəri səbirsizliklə gözləyirdi. Odur ki, könüllü olaraq cəbhə bölgəsinə göndərilməsini xahiş edib. Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqlar göstərib.  O, son gülləsinə qədər vuruşub və neçə-neçə ermənini məhv edib. Nəşini bizim hərbiçilər götürəndə Məhəmmədin yanında 11 erməni cəsədi də var idi. Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən Allahverənov Məhəmməd Zöhrab oğlu ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. Qəbri doğulduğu Çəmənli kənd qəbiristanlığındadır. Atası Zöhrab və anası Sədaqət xanım övladlarının Vətən uğrunda şəhid olması ilə qürur duyurlar.

                Eldar Sultan oğlu Baxşıyev 1998-ci il, oktyabrın 7-də Goranboyda anadan olub. 2020-ci il, yanvarın 22-dən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmət edirdi. 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan Vətən müharibəsində Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 30-da Suqovuşan uğrunda döyüşlərin gedişatında Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı yaralı döyüş yoldaşlarına kömək edərkən qəhrəmancasına şəhid olub.

         Bədəlov Valeh Vahid O ata-anasının ilki, evin tək oğulu idi. İxtisasca filoloq olsa da, məktəbdə dərs deməkdənsə, vətənin keşiyində durmağı üstün tutub.Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, “Vətən müharibəsi qəhrəmanı” fəxri adı ilə təltif olunmuş şəhid Valeh Bədəlovun keçdiyi qəhrəmanlıq yolundan danışacağıq.  Bədəlov Valeh Vahid oğlu 10 oktyabr 1990-cı ildə Zaqatalanın Aşağı Tala kəndində anadan olub. Ailədə 3 uşaq olublar. 2 oğlan 1 qız. Qardaşı Taleh uşaq yaşlarında dünyasını dəyişib. Ailənin böyük uşağı Valeh olub. 1996-cı ilə Aşağı Tala kənd Ramiz Şabanov adına 3 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olub. 2007-ci ilin mayında məktəbi bitirib. 2007-ci ilin sentyabrında Qafqaz  Universitetinin(indiki Bakı Mühəndislik Universiteti) filologiya fakultəsində təhsil almağa başlayıb. 2012-ci ildə Azərbaycan dili və Ədəbiyyat  ixtisası üzrə həmin Universiteti bitirib. 2013-cü ildə Azərbaycan ordu sıralarında hərbi xidmətini başa vursa da, Ali təhsilli olmasına baxmayaraq, Vətən eşqi qəhrəmanımızı səngərlərdə xidmətə səsləyib. XTQ kurslarına əlavə olaraq, Türkiyədə Komando kurslarını da keçib.  Hərbi xidməti bitirdikdən sonra hərbiçi olaraq fəaliyyətini davam etdirən qəhrəmanımız XTQ Baş Leytenant Bədəlov Valeh  aprel döyüşlərində də şücaətlə iştirak edib. 2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərində fəal iştirak edən igidimizin döyüş yolu Murovdan başlasa da, daha sonra  Cəbrayıl və Füzuli rayonlarına doğru irəliləyib. Lakin Füzulidə gedən döyüşlər zamanı 7 oktyabrda qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

            Əmirulla Əliyev 1996-cı il oktyabrın 7-də Şamaxı şəhərində anadan olub.2003-2011-ci illərdə Sabunçu rayonunun 67 nömrəli tam orta məktəbində, 2011-2014-cü illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.  Əmirulla Əliyev 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Əmirulla Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əmirulla Əliyev sentyabrın 28-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Suraxanı rayonunda dəfn olunub.

         Əflatun Fərəcov 7 oktyabr 1999-cu ildə Lənkəran rayonunun Osakücə kəndində doqquzuşaqlı ailədə anadan olmuşdur. Ailəsində özü ilə birgə 5 bacısı və 4 qardaşı var idi. Atası Mircahangir Fərəcov və anası Əflatun uşaq yaşında olarkən vəfat etmişdir. Subay idi.  Azərbaycan Ordusunun əsgəri olan Əflatun Fərəcov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü atıcı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əflatun Fərəcov Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Bir müddət sonra tapılan nəşi 20 noyabr 2020-ci ildə Lənkəran rayonunda dəfn edilmişdir.

              Veysəl Musibov 15 fevral 1989-cu ildə Qazaxıstan SSR-in Taldı-Kurqan vilayətinin Kirov qəsəbəsində Yadulla Musibovun və Səməngül Musibovanın ailəsində anadan olmuşdur.Milliyətcə azərbaycanlıdır. 2012-2016 - cı illər ərzində dəfələrlə döyüş tapşırığında iştrak etmişdir. Dəfələrlə hərbi hissədə və ordu arasında, xarici ordular arasında yarışlarda iştrak etmişdir.2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı olaraq savaşmışdır. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur.  Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan xətti" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir. Azərbaycan Ordusunun kapitanı olan Veysəl Musibov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər rayonunun Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Veysəl Musibov oktyabrın 7-də Füzuli döyüşləri zamanı şəhid olub. Xırdalan şəhərində dəfn olunub

            Rasim Mustafayev 28 mart 1990-cı ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 1997-ci ildə Vüqar İbrahimov adına 2 nömrəli tam orta məktəbinə daxil olmuşdur. 2008-ci ildə məktəbi bitirmişdir.  Rasim Mustafayev Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Rasim Mustafayev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində savaşıb. Rasim Mustafayev oktyabrın 7-də Murovdağ döyüşlərində qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Rasim Mustafayev Oğuz rayonunun Xaçmaz kənd Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

            Paşayev Samir Adışirin oğlu 1999-cu il oktyabrın 7-də Bakı şəhərində anadan olmuşdur. Samir 4 yaşında yazıb oxuyurdu,  2005-ci ildə 100 saylı orta məktəbdə 1-ci sinifə 6 yaşı bitməmiş getmişdi. Yaşca sinifdə hamıdan balaca olsa da, fərqlənirdi və 11 il sinif nümayəndəsi olmuşdu. Orta məktəbi xüsusi, nümunəli şəhadətnamə və fərqlənmə atestatla bitirmiş və 2016-cı ildə Azərbaycan Dövlət Neft və Sənaye Üniversitetinin İnformasiya Texnologiyaları və İdarəetmə ( İTF) fakültəsinin Kompyüter Elmləri Mühəndisi ixtisasına 600 balla qəbul olmuşdu. Samir təhsilini xarici dildə almış və bu dilə mükəmməl yiyələnmişdi. 2020-ci ilin yayında universiteti bitirib, iyul ayının 23-də hərbi xidmətə yola düşmüşdü. Goranboy rayonu “N” saylı hərbi hissədə qulluq etmiş, sonra  Mingəçevirdəki  “N” saylı hərbi hissədə qulluq etmişdir. Müharibə başlayan kimi Tərtər istiqamətində, Talış yüksəkliyinin alınmasında iştirak etmiş, Suqovuşan-Ağdərə istiqamətində döyüşmüşdü. Suqovuşanda üzündən qəlpə yarası alsa da, 7-8 saat döyüşmüşdür. Sonra bir neçə yaralı ilə geriyə, məntəqəyə gətirilərkən yolda avtomaşın düşmən tərəfindən vurulmuş və Samir yenidən yaralanmışdır. Maşın dərəyə düşmüş, Samirgil 3-4 saat mühasirədə qalmışlar. Həmin döyüşdə baş gizir də Samirin yanında mühasirədə olub. Onun dediyinə görə, Samir yaralı olsa da, bir neçə düşməni məhv edib. Əgər kömək gəlməsəydi, əsir düşəcəklərmiş. Kömək gəlib onları məntəqəyə apararkən Samir çoxlu qan itirdiyinə görə yolda sentyabrın 29-da şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən şəhid Samir Paşayev ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.

                Rəsulov Xəzər Mail oğlu 1987-ci il oktyabrın 7-də Yevlax rayonunun Xanabad kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Xəzər Rəsulov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəzər Rəsulov oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Yevlax rayonunda dəfn olunub
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: