21.11.2024

6 oktyabr 2020 “Günün Xronikasına bir baxış”

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

AVMVİB Neftçal Şöbəsi Vətən müharibəsinin xronikasını təqdim edir.

Müharibənin 10-cu günü

Mübariz Eldar oğlu, AVMVİB-nin Neftçala rayon şöbə sədri və «Veteran.az” qəzetinin Şirvan-Salyan regional muxbiri.

*****************************************************************

Ermənistan Milli Məclisinin birinci vitse-spikeri Vahe Enfiacyan özünün «Facebook» səhifəsində «Dəhşət» ləqəbli polkovnik-leytenant Artur Qalstyanın öldüyünü bildirmişdir.

Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, Azərbaycan Ordusunun dəqiq atəş zərbəsi nəticəsində Ballıca məntəqəsində yerləşən mərkəzi silah-sursat anbarı məhv edilmişdir. Vaqif Dərgahlı açıqlamasında bildirib ki, Azərbaycan Ordusu gecə boyu Cəbrayıl-Füzuli istiqaməti də daxil olmaqla, cəbhə boyu bütün istiqamətlərdə tam üstünlük nümayiş etdirərək, düşmənə ağır zərbələr endirmişdir.

Saat 12 radələrində Ermənistan silahlı qüvvələrinin Ağdam rayonuna atdığı mərmi məktəb binasında dağıntılar törətmiş, növbədə olan yanğınsöndürmə avtomobilinə ziyan dəymişdir. Avtomobilin sürücüsü Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı, daxili xidmət çavuşu Qismət Əli oğlu Yusibov partlayış dalğasının təsirindən xəsarət almış və xəstəxanaya yerləşdirilmişdir.

Saat 16:30 radələrində Ermənistan tərəfi Azərbaycan Ordusunun cənub istiqamətində yenidən hücuma keçdiyi barədə məlumat yayımlamışdır. Yarım saat sonra düşmən tərəf Azərbaycan Silahlı Qüvvələrinin Xankəndi şəhərini bombardman etdiyini açıqlamışdır. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündə xarici muzdlulardan, o cümlədən İraq və Suriya ərazisindən gətirilmiş kürd terrorçu qruplaşma üzvlərindən fəal istifadə etdiyini sübut edən radio danışıqları ələ keçirilmişdir. Həmçinin verilən məlumata görə, aparılan əməliyyatlar nəticəsində daha iki əcnəbi muzdlu-terrorçu məhv edilmişdir.

Saat 19 radələrində Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Yevlax, Goranboy və Beyləqan rayonlarının ərazilərini atəşə tutması barədə məlumat yayımlamışdır.

Zakir Həsənov xüsusi xidməti müşavirədə düşmən tərəfindən «İsgəndər» əməliyyat-taktiki raket komplekslərinin tətbiq olunacağı halda adekvat tədbir görüləcəyini bildirmişdir.

Saat 21 radələrində Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunun müxtəlif istiqamətlərdə intensiv atəşə tutması nəticəsində rayonun Qaynaq kənd sakini 1981-ci il təvəllüdlü Məmmədov Həsən Asif oğlu həlak olmuş, həmin kənd sakini 1989-cu il təvəllüdlü Əliyev Dəyanət Qənimət oğlu və Köçərli kənd sakini 1968-ci il təvəllüdlü Həsənov Seyfulla Yaqub oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdir. Həmçinin həmin radələrdə Ermənistan silahlı qüvvələri regionun ən böyük strateji layihəsi, Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan Bakı-Tbilisi-Ceyhan neft kəmərini hədəfə almaqla kəmərin Yevlax rayon ərazisindən keçən hissəsinə raket zərbələri endirsə də, Azərbaycan Ordusunun qətiyyətli tədbirləri nəticəsində həmin terror cəhdinin qarşısı alınmışdır.

Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, gün ərzində düşmənə endirilən artilleriya zərbələri nəticəsində 5-ci alayın müdafiə sahəsində komanda müşahidə məntəqəsi sıradan çıxarılmışdır. Artilleriya zərbəsi ilə düşmənin müdafiə sahəsində 1 ədəd tankı və 3 topu məhv edilmişdir.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: