16.09.2024

Şəhid Kazımov Vüsal Vüqar oğlunun Anım Günü keçirilmişdir

Avqustun 17-də Binəqədi rayonunda Vətənimizin azadlığı uğrunda şəhid olmuş Kazımov Vüsal Vüqar oğlunun doğum günü anılmışdır.

Vüsal Kazımov 20 avqust 2000-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olmuşdur. Sonradan ailəsi ilə birgə Bakıya köçmüşdür. Nəsimi rayonu 9 saylı tam orta məktəbin məzunudur. Yüksək bal ilə daxil olduğu Memarlıq və İnşaat universitetində ali təhsilini başa vurduqdan sonra azad olunmuş torpaqlarımızın müdafiəsi üçün Şuşa şəhəri N saylı hərbi hissəyə həqiqi hərbi xidmətə yollanmışdır. 03.03.2022-ci il tarixində xidməti vəzifə borcunu yerinə yetirən zaman ağır xəsarətlər almış və hərbi tibb müəssisəsinə təxliyə olunmuşdur. Həkimlərin səylərinə baxmayaraq həyatının xilas etmək mümkün olmamış və tibb müəssəsində şəhid olmuşdur. Vüsal Kazımov II Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Anım Günündə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Binəqədi rayon şöbəsinin sədri Mərdan Ələsgərov, AVMVİB üzvü olan müharibə veteranları və qazilər, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin «İri şəhərlərin birləşmiş su təchizatı xidməti»nin Binəqədi rayon sukanal idarəsinin rəisi Ruslan Behbudov, müavini Tural Quliyev, baş mühəndis Nemət İbrahimov iştirak etmişlər.

İdarə rəisi Ruslan Behbudov çıxışında Azərbaycanın suverenliyi, azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərə rəhmət diləmiş, onların ailələrinin, həmçinin qazilərimizin və müharibə veteranlarının daim dövlətin diqqət mərkəzində olduğunu və bundan sonra da bu diqqətin davam edəcəyini vurğulamışdır.

Mərasimdə şəhidin atası Vüqar Kazımov, şəhidin anası Lalə Paşayeva övladlarının cənnətdəki doğum gününə həsr olunmuş Anım Günündə iştirakçılarla birlikdə şəhidin ruhuna dualar oxumuş, onun əziz xatirəsini yad etmişlər.

AVMVİB Mətbuat xidməti

Whats-App-Image-2024-08-19-at-18-43-44 Whats-App-Image-2024-08-19-at-18-43-44-1

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: